“Azərbaycan yığması İsveç üzərində möhtəşəm və layiqli qələbə qazandı. Bununla yanaşı, millimiz bir neçə tarixi ilkə imza atdı”.
Bunu İdman.biz saytına AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.
AVRO-2024 seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan - İsveç matçını dəyərləndirən mütəxəssis 3:0 hesablı hesablı qələbəni yüksək qiymətləndirib. Onun sözlərinə görə, dünya reytinqində 23-cü pillədə olan güclü rəqibə üç qol vurmaq asan məsələ deyil: “Arzuladığımız oyunun şahidi olduq. Millimiz bütün azarkeşlərimizi sevindirməyi bacardı”.
O, növbəti matçda Belçika ilə görüşün asan olmayacağını da deyib. AFFA rəsmisinin sözlərinə görə, rəqib aşkar favoritdir: “Belçika da dünya reytinq cədvəlində yuxarı pillədə qərarlaşan yığmadır. Bu komanda böyük ulduz oyunçulara sahibdir. Yaddan çıxartmayaq ki, hər bir rəqibə qarşı mübarizə aparmaq mümkündür. Hesab edirəm ki, yığmamızın İsveç üzərində qələbəsindən sonra psixoloji durumu yüksək səviyyədədir. Belə olduğu halda da rəqibə qarşı başa-baş mübarizə aparmağa çalışacaq”.
64 yaşlı mütəxəssis müqaviləsi tsiklin sonunda başa çatacaq Canni de Byazi ilə bağlı suallara da aydınlıq gətirib: “Bu sual bir çoxlarını maraqlandırır. AFFA-nın prezidenti Rövnəq Abdullayev matçdan sonra verdiyi açıqlama da qeyd etmişdi ki, biz hazırda sonuncu oyuna hazırlaşırıq. Hesab edirəm ki, Belçika millisi ilə oyundan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək və orada müzakirələr olunacaq. Həmçinin de Byazinin bu illər ərzində fəaliyyətinə nəzər yetirilərək onun hesabatı dinləniləcək. Təbii ki, hər birimizin öz fikri var. Bu fikirlərdə İcraiyyə Komitəsinin iclasında səsləndiriləcək. Bütün bunlardan sonra hansısa qərar qəbul ediləcək. O, güclü rəqibə qarşı komandamızla birlikdə hazırlıq dövr keçir”.
Banuçiçək Hüseynli
İdman.biz