“İsveçlə oyunda futbolçularımız kifayət qədər motivasiyalı görünürdü və tam olaraq matça köklənmişdilər”.
Bunu İdman.biz saytına müsahibəsində Azərbaycan millisinin sabiq futbolçusu Cahangir Həsənzadə deyib.
AVRO-2024-ün seçmə mərhələsinin son görüşündə Canni de Byazinin komandası səfərdə Belçikanın qonağı olacaq. Həsənzadə bildirib ki, Azərbaycanın İsveçlə görüşdə qazandığı qələbə Belçika ilə matça təsir etməyəcək: “Millimizin mövqeyi elədir ki, hər oyuna müsbət nəticəyə görə çıxmalıyıq. İsveçlə matçda inamlı qələbənin Belçika ilə görüşə təsiri olmayacaq. Çünki onlar çox güclü rəqibdir. Amma bu rəqiblə oyuna da eyni motivasiya və eyni köklənmə ilə çıxmalıyıq”.
Millimizin sabiq qapıçısı Belçikanın böyükhesablı qələbəsinə də inanmır: “Azərbaycan yığması kifayət qədər güclüdür. Hərdən böyükhesablı məğlubiyyətlər alırıq. Amma bunu fövqəladə hal kimi qəbul edirəm. İsveçlə oyundan sonra belə vəziyyətin yaranacağını düşünmürəm. Millimizin İsveçlə matçdan daha istəkli olacağını düşünürəm. Azərbaycanın yaxşı oynayacağına ümid edirəm. Heç-heçəyə, hətta minimal hesablı qələbəyə də ümid etmək olar”.
Qeyd edək ki, Belçika – Azərbaycan oyunu bu gün Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Emin Ağa
İdman.biz