Yunis Hüseynov yığmamızın AVRO-2024-də çıxışına “5” verib - MÜSAHİBƏ

Müsahibə
20 Noyabr 2023 17:18
278
Yunis Hüseynov yığmamızın AVRO-2024-də çıxışına “5” verib - MÜSAHİBƏ

Azərbaycanın millisinin sabiq kapitanı Yunis Hüseynovun İdman.biz saytına müsahibəsi

- AVRO-2024-ün seçmə mərhələsində İsveç üzərində qələbədən sonra millimizin Belçikaya 0:5 hesablı məğlubiyyətini necə qarşıladız?
- Yığmamız İsveç üzərində möhtəşəm qələbə qazandı. Bu səbəbdən də Belçika ilə oyuna yaxşı əhval-ruhiyyədə yollanmışdılar. Orda hamı kimi mən də düşünürdüm ki, çətin olacaq. Məğlubiyyət gözlənilən idi. Amma bu hesabla gözləmirdim.

- Belçika ilə oyunda Eddi İsrafilov qırmızı vərəqə aldı. Sizcə, onun lazımsız “sarıları”na ehtiyac var idi?

- Məğlubiyyətin əsas səbəbkarı Eddi İsrafilov oldu. Oyunun ilk hissəsində lazımsız 2 sarı vərəqə aldı. Düşünürəm ki, bundan sonra onu milli komandaya çağırmaq lazım deyil. Futbolçu yığmada oynayırsa, bütün gücünü ortaya qoymalıdır. Eddidə o hissləri görmürəm. Sanki oyuna məcbur çıxır. Komandaya xeyrindən çox ziyanı dəydi. Belçika çox güclü kollektivdir. Onlara qarşı 10 nəfərlə oynamaq daha da faciəvi ola bilərdi. İkinci hissədə əsas tapşırıq çox qol buraxmamaq idi. Futbolçular da bunun öhdəsindən gəldi.

- Yığma 7 xalla qrupu 4-cü yerdə başa vurdu. Tsikli 10 ballıq şkala ilə qiymətləndirsəz, komandaya neçə verərdiz?

- 5 verərdim. Çıxışı 50-nin 50-yə dəyərləndirirəm. Biz istəyirik ki, Qazaxıstan millisi bu gün AVRO-2024-də Sloveniyaya qalib gəlsin. Düşünürəm ki, əgər Millətlər Liqasında pley-offa çıxsaq özümüzü daha yaxşı tərəfdən göstərə bilərik. Gürcüstan, Yunanıstan və Lüksemburq yığmaları arasında nəticə əldə etmək mümkündür.

- Baş məşqçi Canni de Byazinin də müqaviləsi başa çatır. Onun mümkün gedişində milli komandada yerli, yoxsa əcnəbi mütəxəssis görmək istəyərdiz?

- Millidə hər zaman yerli mütəxəssislərin olmasının tərəfdarıyam. Əgər yerli məşqçi olmayacaqsa, yenidən xarici çalışdırıcılara güvənəcəyiksə, o zaman De Byazi qalsa yaxşıdır. Başqa bir əcnəbi baş məşqçi gəlsə, ona yenə komandanı tanımaq üçün zaman lazım olacaq. Beləliklə, daha 2-3 il itirəcəyik. Bu səbəbdən də yenidən xariciyə güvənilsə, italiyalının qalmasının tərəfdarıyam.

- Bəs peşəkar məşqçi kimi Canni de Byazinin mətbuat konfransında jurnalistlərin ünvanına xoşagəlməz ifadələr işlətməsinə münasibətiniz necədir?

- Jurnalistlərə böyük hörmətim var. İtaliyalının onlara qarşı işlətdiyi ifadələr yolverilməzdir. İstənilən baş məşqçi mətbuat konfransında jurnalistlərin hər bir sualına cavab verməlidir. Orda insident yaranıbsa, bu, düzgün hal deyil.

Emin Ağa

İdman.biz