Fiaskodan rekordadək: Səhvlərinin “qurbanı”, “sehrli çubuğu”nun gücü və ya Canni de Byazinin Azərbaycan karyerası - TƏHLİL

Təhlil
23 Noyabr 2023 12:56
862
Fiaskodan rekordadək: Səhvlərinin “qurbanı”, “sehrli çubuğu”nun gücü və ya Canni de Byazinin Azərbaycan karyerası - TƏHLİL

Noyabrın 22-də AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirildi.

İdman.biz xəbər verir ki, ənənəvi olaraq yenə ilin sonundakı müzakirələr Azərbaycan millisinin baş məşqçisi ilə bağlı idi.

Canni de Byazinin hesabatını dinləyən komitə üzvləri onunla müqavilənin uzadılmamasına qərar verdi. Bununla da yığmamızın italiyalı ilə olan dönəmi başa çatdı.

Tarixin 17-cisi

2020-ci il iyulun 30-da imzalanan və sonradan bir neçə dəfə müddəti uzadılan müqavilə üzrə çalışan de Byazi yığmanın “sükanı arxası”nda 1210 gün keçirdi. Bu posta böyük ümidlərlə gətirilən italiyalı yığmanın tarixinə ən azı bir matça çıxaran 17-ci baş məşqçi kimi düşdü. Müqavilə ilə çalışan və ya müvəqqəti bir neçə oyunluq bu postu tutanları da nəzərə almaqla, de Byaziyə qədər 16 mütəxəssis bu vəzifədə çalışmışdı. Bu siyahıya 17-ci kimi düşən mütəxəssis Albaniya millisində tarixi nəticələrə imza atdıqdan sonra ölkəmizə gəlmişdi. Bütün dünyada məşhur olan İtaliya məşqçilik məktəbinin yetirməsindən gözləntilər də böyük idi.

Rekordçu

2020-ci ilin yayında ölkəmizə gələn de Byazi həmin payızda yığmanı ilk sınağına Millətlər Liqasına çıxardı. 2 ildən sonra yenidən eyni turnirdə milliyə rəhbərlik edən mütəxəssis 2021-ci ildə dünya, 2023-cü ildə Avropa çempionatının seçmə mərhələsində komandanın “sükanı arxası”nda oldu. Bir sözlə, legioner məşqçi 4 turnirdə yığma ilə imtahan verdi. Bununla da de Byazi milli tarixinə 4 turnirdə əvvəldən sonadək iş başında olan ilk və yeganə məşqçi kimi düşdü. Bunadək rekordçu Berti Foqts idi. Üç tsikldə komandaya rəhbərlik edən almaniyalı 4-cünün gedişində istefaya göndərilmişdi.

Gecikən qərar?

De Byazinin millimizdəki fəaliyyətini iki hissəyə bölmək olar. İlk tsikl DÇ-2022 ərəfəsində turnirin pley-offuna vəsiqə verən Millətlər Liqasının 2021/22 mövsümü və mundialın seçmə mərhələsindən ibarətdir. Bu dövrü fiasko kimi də qiymətləndirmək olar. Monteneqro, Lüksemburq və Kiprlə eyni qrupda yer alan yığmamız Millətlər Liqasında yalnız qrup üçüncüsü oldu. Hərçənd komandadan birincilik uğrunda mübarizə də gözləyənlər az deyildi. Ardınca seçmə mərhələdəki qələbəsizlik də uğursuzluqların ardı idi. 2020-21-ci illərdə baş tutan 14 rəsmi matçda cəmi 1 qələbəsi olan milli 9 dəfə uduzmuşdu. Bəlkə də AFFA elə həmin vaxt mütəxəssisin “qələmini qırmalı”, müqaviləni uzatmamalı idi.

De Byazinin sistemi işlədi

De Byazili ikinci tsikl isə Millətlər Liqasının 2022/23 mövsümü və AVRO-2024-ün seçmə mərhələsindən ibarət idi. 2022-23-cü illərdə komanda əvvəlkinə bənzəmirdi. Millətlər Liqasında təkcə Belarusu deyil, güclü Slovakiyanı da arxada qoyan millimiz qrup lideri Qazaxıstanı da finişdə darmadağın etdi. Məhz bu nəticələr sonradan pley-off xəyalına imkan vermişdi. Seçmə mərhələdə isə 5 komandalı qruplarda rekord göstəricilərə imza atan yığmamız iki il ərzində 14 görüşdə 5 qələbə qazandı və yalnız 7 dəfə uduzdu. Bir sözlə, 2020-21-ci illərdə vur-tut 7 xal toplayan komanda növbəti iki ildə 17 xal əldə etdi. “İştah diş altdadı” düşüncəsi ilə bu göstərici də qənaətbəxş sayılmadı. Bəlkə də növbəti iki il daha yaxşı nəticələrə yol açardı. Lakin nəticələr bir kənara, mütəxəssisin davranışı da səbir kasasını daşırdı.

Nəsildəyişmə

Bu qısa müddətdə de Byazinin “sehrli çubuğu” nələri dəyişdi? İlk növbədə komandada müəyyən nəsildəyişmə yaşandı. Artıq əvvəlki oyununu göstərə bilməyən Maksim Medvedev, Qara Qarayev, zədələri artan Bədavi Hüseynov, həmçinin Cavid Hüseynov, Araz Abdullayev, Dmitri Nazarov, Pavel Paşeyev tədricən yığmadan uzaq düşdü. Əvəzində Şahruddin Məhəmmədəliyev millinin “1 nömrə”sini tamamilə özəlləşdirdi, Bəhlul Mustafazadə, Renat Dadaşov və Anton Krivotsyuk əsas heyət üzvlərinə çevrildilər. Millidə məhz de Byazinin rəhbərliyi altında debüt edən Toral Bayramovla Elvin Cəfərquliyev isə komandanın əsas “qanadları” oldu. “11-liy”in üzvünə çevrilən Aleksey İsayev, millinin gələcəyi sayılan Musa Qurbanlı, Yusif İmanov, Emil Səfərov kimi gənclərə də açıldı.

Səhvlərdən qaça bilmədi

De Byazi milliyə yeni adlar, yeni aparıcı simalar qazandırdı. Təbii ki, həmin futbolçuları nə o, nə yığma deyil, klublar yetişdirib. Bu, dünyanın hər yerində belədir. Lakin həmin futbolçuları yığmaya qazandıran italiyalıdır. Apenninli mütəxəssis səhvlərdən də qaçmağı bacarmayıb. Bəzən bunu özü də etiraf edib. Media nümayəndələri ilə isti münasibətləri olmayan, ölkəmizdə bir, vətənində fərqli açıqlamalar verməsi ilə özü haqda mənfi fikirlər formalaşdıran de Byazi Riçard Almeyda ilə bağlı səhvini özü boynuna alıb. Bir müddət braziliyalını milliyə layiq görməyən mütəxəssis sonradan yarımmüdafiəçinin bacarığına tam bələd olaraq onu heyətə qaytarıb. Amma artıq gec idi, Riçard milli ilə vidalaşmaq ərəfəsindəydi və bunu da etdi. Avropada az-çox özündən söz etdirən baş məşqçi yerli-yersiz prinsipiallığı ilə də özünü hörmətdən salıb. Bəzən klubunda oynamayan, bəzən zədəsi tam sağalmayanları heyətə çağıran, meydana buraxan de Byazi bu səbəblərdən də çox tənqidlər “yeyib”. “Qarabağ”ın heyətinə düşməkdə çətinlik çəkən Rahil Məmmədov bu etimadı yetərincə doğrultsa da, Höccət Haqverdi və Eddi İsrafilov barədə bunu həmişə demək olmur.

Liderə çevrilən kapitan

Millinin artıq sabiq baş məşqçisinin daha bir böyük səhvi isə sonradan bəlkə də ən yaddaqalan xidməti ilə yekunlaşdı. Söhbət Emin Mahmudovdan gedir. O, yığmaya gəldiyi ilk vaxtlar yarımmüdafiəçinin varlığını belə hiss etmək istəmirdi. Emin əvvəlki məşqçilərin də vaxtında millidə aparıcı sima sayılmırdı.

Lakin qısa müddətdə özünü baş məşqçiyə göstərən futbolçu nəinki əsas heyətin üzvü oldu, həm kapitana, həm də millinin liderinə çevrildi. Onun bu keyfiyyətlərini göstərməsi, bombardirlik xüsusiyyətlərini ortaya qoyması elə de Byazi dövrünün ən böyük uğurlarındandır.

Bu, təkcə Eminin qolları və gözəl oyunu deyil, milidəki tendensiyanın dəyişməsi idi. Az qala tarixi boyu müdafiə futbolu oynaması üzündən komandamızın liderləri əsasən müdafiəçilər olub. Uzun illər kapitanlıq və liderlik Tərlan Əhmədov, Rəşad Sadıqov kimi mərkəz müdafiəçilərində olub. Yaradıcı futbolçu, yarımmüdafiəçinin yığmada lider olması isə artıq oyun planında da dəyişiklikdən xəbər verir. Milli autsayder imici qazandığı əvvəlki illərlə müqayisədə daha baxımlı futbol göstərir ki, bu da daha çox şey gözləməyə əsas verir.

“40”ın astanasında

Millimizdəki karyerasını başa vuran de Byazi 3 ildən artıq müddətdə komandanı ümumilikdə 39 matça çıxarıb. O, bu göstəricidə komandanın tarixində 2-cidir. Millimiz italiyalı ilə 10 qələbə qazanıb, 8 heç-heçə etdi və 21 dəfə uduzub. “40”ın astanasında qalan mütəxəssisin rəhbərliyi altında 34 qola imza atan futbolçularımız 56 top buraxıb.

Bu görüşlərdən 28-i rəsmi xarakterli turnirlər çərçivəsində keçirilib. Dünya və Avropa çempionatının seçmə mərhələləri, həmçinin Millətlər Liqasının 28 qarşılaşmasında 6 qələbə və 6 heç-heçəyə nail olan komanda 14 dəfə uduzub. Vurulan 21 qolun qarşılığında 43 top buraxılıb.

6-cı əcnəbi

Artıq de Byazi millidə deyil və müzakirə mövzusu da fərqlidir. Yığmaya kimin gələcəyi, yerli, yoxsa əcnəbi olacağı gündəmdədir. İtaliyalı millinin tarixinə onu meydana çıxaran 6-cı legioner kimi qaldı. Onlardan biri bu vəzifəni müvəqqəti icra edən Qyoko Hacıyevski olub. Beş dəfə ölkə xaricində mütəxəssis axtaran AFFA Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç və Canni de Byazini yığmaya gətirib. Assosiasiya yenə axtarışda və seçim qarşısındadır: yerli, yoxsa əcnəbi?

Hüseyn Vaqif

İdman.biz