Azərbaycan millisi Türkiyənin paytaxtı Ankarada “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”ndə 9 medal qazanıb.
İdman.biz xəbər verir ki, yarışın son oyun günündə 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
5 kateqoriyadan 4-də finalda təmsil olunan badmintonçularımız 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıb.
Kişi badmintonçuların şəxsi yarışında həlledici qarşılaşmada milli komandamızın lideri Edi Reski Dviçayo digər təmsilçimiz Diki Pangestuya qalib gəlib.
Edi-Diki tandemi kişi badmintonçuların qoşa yarışında da bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ilk pilləsində yer alıb.
Qarışıq qoşa kateqoriyasında yarışan Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra turniri gümüş medalla başa vurub. Keişa daha bir gümüş medalı qadın badmintonçuların şəxsi yarışında millimizin hesabına yazdırıb.
Bundan əlavə, Era Maftuha qadın badmintonçuların şəxsi yarışında, Diki Pangestu-Era Maftuha qarışıq qoşa, Leyla Camalzadə-Həcər Nuriyeva və Era Maftuha-Keişa Fatimə Zəhra qadınların qoşa mübarizəsində bürüncə yiyələnib.
Azərbaycan Badminton Fedarasiyasının prezidenti Taleh Ziyadov fəxri qonaq qismində “Türkdilli Dövlətlərin Beynəlxalq Badminton Turniri”nin təltifetmə mərasimində iştirak edib.
Qeyd edək ki, türkdilli dövlətlər arasında ilk beynəlxalq turnir ötən il ölkəmizdə baş tutub. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən yarışda ölkəmizlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan badmintonçuları iştirak edib. Badmintonçularımız isə bu il olduğu kimi 2023-cü ildə də 9 medala sahib olub.
İdman.biz