Azərbaycan Badminton Federasiyası və Tailand Badminton Assosiasiyası arasında MEMORANDUM - FOTO

Xəbərlər
17 Sentyabr 2024 21:36
78
Azərbaycan Badminton Federasiyası və Tailand Badminton Assosiasiyası arasında MEMORANDUM - FOTO

Azərbaycan Badminton Federasiyası və Tailand Badminton Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

İdman.biz xəbər verir ki, iki qurum arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması qərara alınıb.

Memorandumu Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov və Beynəlxalq Olimpiya Komitəsinin üzvü, Tailand Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dünya Badminton Federasiyasının vitse-prezidenti, Tailand Badminton Assosiasiyasının prezidenti Khunying Patama Leesvadtrakul imzalayıblar.

Sənədə əsasən bir çox sahələrdə əməkdaşlıq proqramının həyata keçirilməsi, o cümlədən badmintonçuların hazırlıq səviyyəsinin artırılması məqsədilə birgə təlim-məşq toplanışlarının keçirilməsi, məşqçilərin təkmilləşdirilməsi üçün kursların təşkili, hakimlərin hazırlanması, idman infrastrukturunun inkişafı və idarə edilməsi sahələrində təlim və bilik mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Khunying Patama Leesvadtrakul açıqlamasında Azərbaycana səfərindən məmnun qaldığını, ölkəmizin nüfuzlu beynəlxalq yarışları təşkil etməklə dünya idmanının təbliğində böyük rol oynadığını və böyük nüfuza malik olduğunu qeyd edib. O, imzalanan sənədin əməkdaşlıq üçün çox mühüm olduğunu bildirib: “Bu bizim əhəmiyyətli münasibətlərimizin başlanğıcı, münasibətlərimizin gələcək inkişafı üçün əsas bünövrədir”.

Qeyd edək ki, 1950-ci ildə yaradılmış və Asiyanın güclü badminton assosiasiyalarından biri olan Tailand Badminton Assosiasiyası dünya komanda reytinqində 8-ci sırada qərarlaşıb. Daha əvvəl Azərbaycan Badminton Federasiyası ilə Türkiyə və Malayziya Badminton Federasiyaları arasında əməkdaşlıq Memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində beynəlxalq badminton turnirləri keçirilib, hakimlərimiz yarışlara qatılaraq peşəkarlığını artırıb. Bundan başqa, yeniyetmə badmintonçularımız dünyada bu idman növündə aparıcı ölkələrdən sayılan Malayziyanın Kuala-Lumpur şəhərində yerləşən Petronans Badminton Mərkəzində təhsil alırlar.

İdman.biz