“Yüksək səviyyəli turnir olduğuna görə reytinq cədvəlində güclü oyunçuların 90 faizi burada iştirak edirdi”.
Bunu İdman.bizə Azərbaycan millisinin parabadmintoçusu İbrahim Əliyev deyib.
O, İndoneziyanın Surakarta şəhərində keçirilən beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanmasını şərh edib.
Əliyev bildirib ki, tək oyunlarda qurupdan bir nömrə çıxmağı bacarıb: “Ondan sonra pley-off da hindistanlı rəqibimi məğlub edib ilk "dördlüy"ə düşdüm, hansı ki, bu zaman bürünc medal qarantı oldu. Sonra yarışın finalçısına məğlub oldum. Qarışıq qoşada qurupda bütün rəqiblərimi üstələməyi bacardım. Qrupdan sonrada 1/4 finalda indoneziyalı rəqibimi məğlub edib finala yüksəldim. Həlledici mərhələdə hindistanlı idmançıya məğlub oldum. Düşünürəm ki, yaxşı nəticə vermişəm. Çünki Level-2 səviyyəli turnir olduğu üçün güclü rəqiblərə qarşı vuruşurdum”.
Onun sözlərinə görə, yarış zamanı heç bir çətinliyi olmayıb: “Hər şeydən razı idim, sadəcə bəzi səhvlərim var. Onların üzərində daha çox çalışacam ki, növbəti dəfə olmasın”.
Qarşıdaki hədəflərindən söz açan parabadmintoçu vurğulayıb ki, bundan sonra da daha çox məşq edib, Avropa və dünya çempionatında, eyni zamanda beynalxalq turnirlərdə bayrağımızı daha yüksəklərə qaldırsın: “Əsas istəyim isə 2028-ci ildə Los-Anclesdə keçiriləcək Paralimpiya oyunlarında iştirak edib nəticə əldə etməkdir”.
Qeyd edək ki, 2022-ci ildən Azərbaycan idmanı tarixində ilk dəfə parabadminton yarışlarında təmsil olunmağa başlayan İbrahim Əliyev 2 il öncə məhz İndoneziyada keçirilən beynəlxalq turnirdə debüt edib.
Banuçiçək Hüseynli
İdman.biz