"İnanıram ki, Xankəndidən sonra yaxın gələcəkdə işğaldan azad olunan digər şəhərlərimizdə də badminton yarışları təşkil etmək nəsibimiz olacaq".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev deyib.
Qurum rəsmisi Xankəndidə 50 ildən sonra badminton üzrə ölkə çempionatının keçirilməsi ilə bağlı fikirlərini bölüşüb: “Badmintonun ölkəmizdə tarixi ilə bağlı arxivi araşdırarkən 1974-cü ildə Azərbaycan çempionatının Xankəndi şəhərində keçirilməsi ilə bağlı sənədlərə rast gəldik və düşündük ki, 50 ildən sonra yenidən ölkə çempionatının finallarını Xankəndidə keçirək. Bununla bağlı istəyimizi Gənclər və İdman Nazirliyi müsbət qarşıladı. Beləliklə, müvafiq qurumların dəstəyilə Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə badminton üzrə Azərbaycan çempionatının finalları baş tutdu".
O, 50 il öncə Xankəndidə keçirilən yarışda 3 kateqoriya üzrə gümüş və bürünc medallar qazanan Mahmud Məmmədovun bu dəfə turniri fəxri qonaq qismində izlədiyini söyləyib: "Bu həm də Xankəndidə qapalı məkanda keçirilən ilk idman yarışı idi. Daha öncə, bildiyiniz kimi, futbol üzrə Azərbaycan Kubokunun 1/8 final qarşılaşması və atletika üzrə Xankəndi - Bakı ultramarafonu keçirilmişdi. Fürsətdən istifadə edərək bu tədbirin reallaşmasında əməyi keçən hər kəsə təşəkkür etmək istərdim".
Qeyd edək ki, 1974-cü ilin oktyabrında Xankəndidə keçirilmiş Azərbaycan çempionatı, klublar arasında da təşkil olunub. Yarışda 24 kişi və 20 qadın badmintonçu iştirak edib. Klubların mübarizəsində isə "Neftçi", "Məhsul", "Zenit", "Lokomotiv" və "Spartak" komandaları birincilik uğrunda yarışıblar.
İdman.biz