“Cəlilabad”ın baş məşqçisi: “Gücümüz çatmadı”

Müsahibə
18 Dekabr 2023 12:11
330
“Cəlilabad”ın baş məşqçisi: “Gücümüz çatmadı”

"Xaçmaza gedəndə hansı komanda ilə oynayacağımızı yaxşı bilirdik. Rəqib çox güclüdür. Təəssüf ki, bizdə müəyyən çətinliklər hələ də qalmaqdadır”.

İdman.biz xəbər verir ki, bunu "Cəlilabad" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

O, Azərbaycan Basketbol Liqasının VIII turunda NTD-İNDİQO-ya 93:108 məğlubiyyəti şərh edib. Əsgərov bildirib ki, zədəlilərin olması məğlubiyyətə təsir edən əsas məqamlardandır: “Aparacı basketbolçularımızdan Raşon Consonun zədəli olması əleyhimizə oldu. Onun "Xırdalan"la matça hazır olub-olmayacağı da dəqiq bilinmir. Üstəlik, Andrey Kondratyevin zədəsi də təsirini göstərir. Camani Pirsin də yüngül zədədən əziyyət çəkirdi. Ancaq onu meydanya buraxmalı olduq. Rəqib matça çox yaxşı başladı. Onların bütün atışları səbətə düşdüyü halda, bizdə əksinə, uğursuzluq yaşandı. Böyük fasiləyə qədər ribaundlarda da rəqibin üstünlüyü nəzərə çarpdı. Bunun sayəsində hesabda böyük fərq yaranmışdı. Daha sonra biz müdafiədə oyunu dəyişdirdik və bununla da fərqi azalda bildik. Lakin bundan artığına gücümüz çatmadı. Azarkeşlərimizin məyusluğunu anlayıram. Komandamızın potensialı var. Mövsüm uzundur, çox istəyirəm ki, azarkeşlərimiz bizə sonuna qədər inansınlar və dəstək olsunlar”.

Qeyd edək ki, “Cəlilabad” IX turda “Xırdalan”ı sınağa çəkəcək. Dekabrın 23-ü oynanılacaq matç saat 14:00-da başlayacaq.

İdman.biz