“Cəlilabad”ın baş məşqçisi: “Bu, bizim liqa üçün fantastik göstəricidir”

Xəbərlər
3 Fevral 2024 17:55
286
“Cəlilabad”ın baş məşqçisi: “Bu, bizim liqa üçün fantastik göstəricidir”

"Oyun rəqib komandanın üstünlüyü ilə başladı. Onların startda bu cür sürətli hücumları bizim üçün gözlənilməz idi”.

İdman.biz xəbər verir ki, bunu “Cəlilabad”ın baş məşqçisi Şəhriyar Əsgərov deyib.

ABL-nın XIII turunda “Şəki”yə 90:86 qalib gələn mütəxəssis bildirib ki, fasiləyə qədər oyunları istədikləri tərzdə keçməyib: “Demək olar ki, 3 hissə ərzində edə bilmədiyimizi 4-cü periodda reallaşdıra bildik. Amma komandam təslim olmadı. Oyunun gedişində taktiki dəyişiklik etdik, fərdi və personal oyuna keçdik. Bu səbəbdən də həmin müddətə qədər rəqibin ən yaxşı oyunçusu olan Kris Klarka çətin anlar yaşatmağa başladıq. Matçın sonuna kimi səbrli davrandıq, nikbinliyimizi itirmədik və yekunda qələbəni qazandıq. Komandam bu gün əsl xarakter göstərdi”.

Əsgərov bəzi oyunçularının gözəl oyunu ilə fərqləndiyini deyib: “Kapitanımız Zaur Paşayev ciddi zədəyə rəğmən bu gün möhtəşəm performans göstərdi. O, digərləri üçün əsl nümunədir. Oyunu 26 xalla başa vurdu. Üçxallıq atışlarda 12 cəhddən 7-si dəqiq alındı. Bu, bizim liqa üçün fantastik göstəricidir. Levan Qoqaladze də bu gün yaxşı təsir bağışladı. Düzdür, oyunun sonlarında 5 qayda pozuntusuna görə meydançanı tez tərk etməli oldu. Buna rəğmən Levan bu gün çox yaxşı oynadı. Culian Pauel də bu gün gözəl oynadı. Həmçinin Seyidhüseyn Eynullayev də sonluqda 2 xallıq dəqiq atışla qələbəni qazandıranlardan biri oldu. Bir sözlə, komandam bu gün möhtəşəm geridönüş etdi və yekunda qalib gəldi".

Qeyd edək ki, bu qələbədən sonra xalını 18-ə çatdıran “Cəlilabad” 7-ci sırada yer alıb.

İdman.biz