Şəhriyar Əsgərov: “Vəziyyət heç də ürəkaçan deyil"

Xəbərlər
28 Fevral 2024 09:45
516
Şəhriyar Əsgərov: “Vəziyyət heç də ürəkaçan deyil"

"Xırdalan" bu vaxta qədər təcrübəsi ilə, göstərdiyi oyunla, qazandığı nəticələrlə sözünü deməyi bacarmış komandadır. Geniş heyətləri və çox yaxşı məşqçiləri var”.

İdman.biz xəbər verir ki, bunu "Cəlilabad" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Azərbaycan kubokunda "Xırdalan"a 84:108 hesablı ilə uduzan mütəxəssis bildirib ki, rəqib kuboku qazanmağa iddialıdır: “Vəziyyət heç də ürəkaçan deyil. Ciddi itkilərimiz var. Əsas heyətdən 3 oyunçumuz zədəlidir. Seyidhüseyn Eynullayev və Raşon Consonun yoxluğu özünü göstərir. Həmçinin yığma komandanın heyətində dizindən zədələnən kapitanımız Zaur Paşayevin olmaması da işimizi çox çətinləşdirir. Ümumi heyət üzvlərindən Andrey Kondratyev də məhz zədə səbəbindən bu gün bizə kömək edə bilmədi. İtkilər səbəbindən işimizi gənclərə buraxmalı olduq. Lakin nə etmək olar... Hər bir işdə xeyir var".

Əsgərov məğlubiyyətin əsas səbəbini də açıqlayıb: "Gənclərimiz də yaxşı təcrübə topladılar. Məncə, hesabdaki fərq də məhz bu səbəbdən oldu. İnanın səmimiyyətimə, komandamın potensialı qat-qat daha üstündür. Sadəcə komandamın itkilər fonunda motivasiyasız, həvəssiz oynaması məni daha çox məyus etdi. Rəqib də bundan maksimum yararlandı. "Xırdalan"ın heyətində Fikrət Ələkbərov məhsuldalığı ilə seçildi. Bu da müdafiədə ciddi boşluqlar verməyimizin nəticəsi idi”.

İdman.biz