Şəhriyar Əsgərov: “Ribaundlarda ciddi üstünlük əldə etdik”

Xəbərlər
5 Mart 2024 20:17
193
Şəhriyar Əsgərov: “Ribaundlarda ciddi üstünlük əldə etdik”

“Oyun bizim üçün yaxşı start götürdü. İlk dəqiqələrdən diqtə etməyə başladıq. Seyidhüseyn Eynullayev və Zaur Paşayevin zədədən sonra tam hazır olması bizim işimizi xeyli asanlaşdırdı”.

İdman.biz xəbər verir ki, bunu “Cəlilabad”ın baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Azərbaycan kubokunda “Sumqayıt”ı 90:76 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı rəqibin 3 xallıq atışlarını neytallaşdırdıqlarını bildirib: "Heyətimiz yenə də tam deyildi. Kobi Tomasın zədəsi davam edir. Camani Pirs isə məşqdən sonra özünü tam hazır hiss etmirdi deyə ona bir az istirahət verdik. Əbdülmətin Quliyev ilə Murad Əliyevin yüksək hərarəti olduğundan, onlar bu gün meydançaya çıxa bilmədilər. Yəni rotasiyalarımız yenə də tam deyildi. Bugünkü matça 10 nəfərlə çıxmışdıq. Bütün bunlara baxmayaraq, dediyim kimi, oyun bizim istədiyimiz tərzdə və bizim diqtəmizlə keçdi. "Sumqayıt" komandası zonalı müdafiəyə üstünlük versə də, biz bu planı öz xeyirimizə dəyişə bildik. Kapitanımız Zaur Paşayevin məhsuldarlığı, Levan Qoqaladzenin uğurlu oyunu, Seyidhüseyn Eynullayev ilə Fikrət Paşayevin müdafiədə etibarlılığı və hündür oyunçularımızın bir-birini yaxşı anlaması yekunda bizə qələbəni qazandırdı. Xüsusilə də ribaundlarda ciddi üstünlük əldə etdik. "Sumqayıt"ın ən güclü tərəflərindən biri məhz üçxallıq atışlardır. Rəqibin bu cəhdlərini də neytrallaşdıra bildik. Biz bunu bilirdik, liqa oyununda onlara məhz bu səbəbdən məğlub olmuşduq. Bu gün isə onları tam zərərsizləşdirə bildik. Komandamı, azarkeşlərimizi qələbə münasibəti ilə təbrik edirəm."

Qeyd edək ki, “Cəlilabad” Azərbaycan kubokunda ilk qələbəsini qazanıb.

İdman.biz