Azərbaycan Basketbol Liqasının icraçı direktoru Anar Rza basketbolun 3x3 növü üzrə Qəbələdə keçirilən Dünya Qadın Seriyasının gedişində jurnalistlərin suallarını cavablandırıb.
İdman.biz xəbər verir ki, o, bu növ üzrə gələcək planlardan və ABL-in növbəti mövsümündə reallaşa biləcək yeniliklərdən danışıb.
- 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının ilki Qəbələdə keçirilir. Təəssüratlar necədir?
- FİBA ilə 3 illik müqavilə imzalamışıq. Ola bilsin, bunu bir qədər də uzadaq. Bu mərhələlərdə iştirak etməyimizin əsas məqsədi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq idi. Bunu bacardıq. İyunun sonunda Quba, avqustda isə Bakı mərhələsi də baş tutacaq.
- Olimpiya Oyunlarına hazırlıq nə vaxt başlayacaq? Zədəli basketbolçuların vəziyyəti necədir?
- Dina Ulyanovanın zədəsi ciddi deyil. Paris-2024-də iştirak edə biləcək. İyunun 8-də komandamız Kosovaya gedəcək. Avropa kubokunun mərhələ yarışında iştirak edəcək. Orda da favoritlər sırasındayıq. İsveçrə və Fransada keçiriləcək qadın seriyasında iştirak üçün də müraciət etmişik. FİBA-dan cavab gözləyirik.
- İlk mərhələ yarışı niyə məhz Qəbələdə keçirildi?
- Biz mərhələ yarışlarının yerini seçəndə infrastruktura, otellərə önəm veririk. Qəbələdə bu baxımdan şərait yaxşıdır. Quba da idman paytaxtı seçilib və bu səbəbdən yarışı orda da keçirəcəyik.
- Azərbaycan Basketbol Liqasında gələn mövsüm komanda sayı neçə olacaq?
- Növbəti mövsüm komanda sayı artırılacaq. Say 12-ə çata bilər. İstərdik ki, bölgə komandaları olsun. Bununla bağlı ayın 5-i federasiyada görüş olacaq. Limit, komanda sayı dəqiqləşəcək.
- Bakıda oyunlar sadəcə "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilir. Arenaların sayını artırmağı düşünürsüz?
- Gələn ildən Bakıda oyunlar yalnız "Sərhədçi"də keçirilməyəcək. Bakı İdman Sarayı və Hövsan Olimpiya İdman Kompleksində də matçlar baş tuta bilər. Bu da qarşıdakı günlərdə dəqiqləşəcək.
- Futbol klublarının basketbol komandalarının gələn mövsümdə Liqada oynaması gözlənilir?
- Bəli, biz bunu istəyirik. Federasiya rəhbərliyi klublarla görüşüb. Bəzi klublar deyib ki, bunu istəmirik, bizə maraqlı deyil. Digərləri isə razılıq verib və bunu müzakirə edəcəklərini deyib.
- "Qarabağ" basketbol komandasının olmasını istəmir. Səbəb nədir?
- Səbəb demədilər. Sadəcə istəmirlər. Ola bilsin, sonradan buna razılıq verdilər.
- ABL-də klub sayının artırılmasının çempionatın keyfiyyətinə mənfi təsir edəcəyini düşünmürsüz?
- Bəli say artırılsa, bu keyfiyyətə təsir edə bilər. Hələ bununla bağlı dəqiq qərar verilməyib. Həm də bizdə basketbolçu qıtlığı var. Bununla bağlı müzakirə aparacağıq.
Emin Ağa
İdman.biz