“Əlimizdən gələni etdik, lakin fiziki olaraq bu komandalara qarşı mübarizə aparmaq çətindir”.
Bunu İdman.bizə Azərbaycanın 20 yaşadək kişi basketbolçulardan ibarət millisinin baş məşqçisi Alberto Blanko deyib.
İspaniyalı mütəxəssis yığmanın Avropa çempionatının B divizionunda ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzduqları matçını şərh edib: “Komanda əsasən gənc oyunçulardan ibarətdir. 18 yaşa qədər olan və ya bizimlə oynamaq üçün bütün lazımi sənədləri olmayan 6 oyunçumuzdan imtina etməli olduq. Portuqaliyaya qarşı matçda 36 dəfə top itirdik və üstəgəl 21 hücum ribaundu verdik. Bundan başqa, izah edəcək bir şey yoxdur. Dünənki oyun bizim üçün ilk sınaq və ilk oyun idi. Nəzərə alaq ki, milli komandalarla rəsmi yoldaşlıq oyunları keçirməmişdik”.
Mütəxəssis turnirdə əsas məqsədlərini də açıqlayıb: “Özümüzü ələ alıb növbəti oyunlar üçün nə edə biləcəyimizi düşünməliyik. Vacib məqam isə 36 saatdan az müddətdə ardıcıl 3 oyuna çıxacağımızdır. Basketbolçuların sağlamlığı haqqında da düşünməliyik. Dünən buna görə demək olar ki, bütün oyunçuları rotasiya etdik. Biz komandanın real potensialını görürük. Məqsədimiz hər gün təkmilləşməkdir”.
Qeyd edək ki, millimiz növbəti oyununu bu gün saat 16:30-da Böyük Britaniyaya qarşı keçirəcək.
Emin Ağa
İdman.biz