“Yarışa 1 il idi ki, hazırlaşırdıq. Gündə 2 dəfə olmaqla məşqlər edirdik. Eyni zamanda, yoxlama matçında gücümüzü sınayırdıq”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin (U-16) basketbolçusu Leyla Allahverdiyeva Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib.
O, Cəbəllütariqdə Avropa çempionu olmalarının sirrini açıqlayıb: “Oyunlardan qabaq həyəcan, stress olurdu. Biz bir ailə olaraq bir-birimizə güvəndik və inandıq. Kuboku qaldıracağımıza söz verdik. Məşqçilərimizin dəstəyi və güvəni bizə bu yolda çox böyük motivasiya oldu. Bizi dəstəkləyən hər kəsə təşşəkkür edirik”.
Allahverdiyeva bildirib ki, ilk oyunda Ermənistan üzərində qələbə onlara əlavə motivasiya olub: “Matçdan öncə həyəcan var idi. Amma məşqçilər bizi bu oyuna yaxşı köklədilər. Həyəcanımız tamamilə keçdi və nəticədə Ermənistana qalib gələrək ölkəmizin bayrağını qaldırdıq”.
Qeyd edək ki, bu, basketbolçularımızın C divizionunda ardıcıl 2-ci çempionluğu olub.
Emin Ağa
İdman.biz