Paris-2024 Yay Olimpiya Oyunları bəzi komandalar üçün ilk və rekordlarla əlamətdar olacaq.
İdman.biz xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti də buna həsr olunan yazı hazırlayıb.
Basketbolun 3x3 növü üzrə Azərbaycan yığması da diqqətdən kənar qalmayıb: “Kişi futbolçulardan ibarət Özbəkistan millisi ölkəsinin Olimpiadalarda iştirak edən ilk komandası kimi tarixə düşəcək. Eyni sözlər Azərbaycanın qadınlardan ibarət basketbolun 3x3 növü üzrə millisinə də aiddir. Onlar ilin əvvəlində Honkonqdakı təsnifat turnirində qalib olub. Yığmanın debütü iyulun 30-da İspaniyaya qarşı olacaq”.
BOK ABŞ basketbolçularıının mümkün rekordundan da bəhs edib. Amerikalı qadınlar Parisdə tarixi nəticəyə imza ata bilər: “Yarışın son günündə ABŞ-nin qadın basketbolçuları ardıcıl 8-ci dəfə çempion ola bilər. Bu, baş versə, Olimpiadalar tarixində komanda növlərində mütləq rekord gerçəkləşəcək. Atlanta-1996-dan başlayaraq daim çempion olan bu yığma ABŞ-nin kişi basketbolçularının 1936-68-ci illərdəki 7 qızıl medal rekordunun şərikidir”.
Komanda növlərində kişilərdə Kevin Dyurant rekorda imza ata bilərsə, xanım idmançıların öz əfsanələri var: “Komandanın veteranı Diana Taurazi 6-cı qızıl medalı qazansa, komanda idman növlərində mütləq rekordçu olacaq. O, hazırda Syu Berdlə eyni göstəriciyə malikdir. Cütlük Afina-2004-dən Tokio-2020-dək qızılları heç kimə verməyib”.
Qeyd edək ki, Olimpiada iyulun 26-da start götürəcək.
İdman.biz