Evren Alkaya: “B divizionunda oynamaq intihar olar” - VİDEO

Xəbərlər
17 İyul 2024 14:44
446
Evren Alkaya: “B divizionunda oynamaq intihar olar” - VİDEO

“Günün ən önəmli suallarından biri qızlardan ibarət U-16 millimizin hansı divizionda iştirak etməsidir. Bu qərarı vermək asan deyil”.

Bunu “İdman Bizdə” verlişinin qonağı olan basketbolçu qızlardan ibarət milli komandaların baş məşqçisi Evren Alkaya deyib.

Mütəxəssis 2 ildir Avropa çempionatının C divizionunda qalib olan U-16 yığmamızın növbəti mövsüm B divizionunda iştirakının mümkünlüyünə münasibət bildirib. Onun sözlərinə görə, bunun üçün bir çox tələbləri yerinə yetirmək lazımdır: “B və ya A divizonunda iştirak etmək üçün aşağı yaş qruplarında çox yaxşı komandalar olmalıdır. Bu liqalarda mübarizə aparan millilərin bir çoxunda klublarının sayı 20-30-dan çoxdur. Bu klublar il boyu öz aralarında 60-70 görüş keçirirlər və oyunçular yetişirlər. Bu gün bizim üçün B divizionunda oynamağa qərar vermək bir intihar olar. Çox yaxşı basketbolçuların olsa da, sadəcə məşqlərlə bu divizionda uğurlu ola bilməzsən. Çox çətin oyunlar keçirməlisən. “Biz C divizionunda çempion olduq, B divizionuna niyə getmirik?” sualı məncə düzgün deyil. Hazır olduğumuz, güclü nəsil yetişdiyi zaman getmək doğru addımdır. Çünki Azərbaycanı təmsil edirik. Orada bir klubu təmsil etmirik. Alınan nəticələr ölkəmizdə çox vaxtlar motivasya və ya demotivasyaya səbəb olur. Məğlub olduğumuz zaman çox insanlar “yas qururlar”. Sanki heç bir iş görülməyib. Amma həm qadınlarda, həm də kişilərdə çox işlər görülüb. Uğurlar alqışlandığı kimi, uğursuzluqlar zamanı heç bir şey edilməmiş kimi qəbul olunur. Məncə, doğru yerə doğru zamanda və doğru idmançılarla getmək lazımdır”.

Alkaya bildirib ki, Avropa çempionu olan U-16 millisinin B divizionunda iştirak etməsi hələ tezdir: “Federasiyanın da qərarı önəmlidir. Amma bir mütəxəssis olaraq 2010-11 təvəllüdlü qadın basketbolçularımızın B divizionundan başlamağı daha uyğun olar. Çünki o oyunçular buna hazır olacaqlar. Ötən il komandamızda çox az meydana çıxan Leyla Allahverdiyeva və Sitarə Abbasova Avropa çempionatının rəmzi komandasında yer aldılar. Son günə qədər Leylanın effektivliyi çox yüksək oldu və çempionluğumuzda yarıbayarı xidmət göstərdi. Bu uşaqlar 1 il ərzində bu cür inkişaf etdilər. Düşünün ki, bu qızlardan da daha yaxşı fiziki hazırlıqlı idmançılar tapırsız. Bax, o zaman B-də iştirak edib, A divizionunun qapısını döyə bilərik. Əgər səbir göstərilsə, məncə U-16 yaş qrupu B divizionunda mübarizə aparmalıdır. Belə olduqda nəticələrə baxılmamalıdır, uşaqların inkişafına diqqət yetirməliyik. Amma ölkəmizdə bu məsələ ilə bağlı bir qədər həssas yanaşma var. 2 tərəfi də üzməmək üçün U-16 daha 1 il C divizionunda çıxış etməlidir. Amma qızlardan ibarət U-18 millisi gələn mövsüm mütləq B divizionunda iştirak etməlidir”.

Qeyd edək ki, U-16 millimiz Cəbəllütariqdə ardıcıl olaraq 2-ci dəfə C divizionunun qalibi olub.

Emin Ağa
İdman.biz

Məqalədə: