“Matça yaxşı başlamadıq. Buna atmosfer və basketbolçularımın uzun zamandır birgə oynamaması səbəb oldu”.
Bunu İdman.bizə basketbolçu qızlardan ibarət Azərbaycanın U-18 millisinin baş məşqçisi Evren Alkaya deyib.
Türkiyəli mütəxəssis Avropa çempionatında C divizionunun ilk oyununda Albaniyanı 72:53 hesabı ilə məğlub etdikləri matçı şərh edib. O bildirib ki, komandanın oyununu bəyənməyib: “U-16 və U-18 komandalarının birləşmiş heyətilə Kosovaya gəlmişik. Bu səbəbdən də startda bir qədər çətinliyimiz oldu. Amma fasilədən sonra özümüzə gəldik. İlk periodda hesabda geri düşsək də, rəqibə yaxşı müqavimət göstərdik. 2-ci və 3-cü periodlara çox ciddi yanaşdıq. Öz oyunumuzu göstərə bildik. Onların əsas basketbolçularını müəyyənləşdirdiyimiz üçün tədbirimizi görmüşdük. Nəticədə oyunu xeyrimizə bitirdik. Əslində, səbət altında çox xalı əldən verdik. Onlardan istifadə etsəydik, 100 xal qazana bilərdik. Amma önəmli olan qələbədir. Pis oynasaq da, qalib gəldiyimiz üçün xoşbəxtik”.
Alkayanın sözlərinə görə, Gürcüstana qarşı matç da çətin keçəcək: “Onlar da bizim kimi yaxşı komandadırlar. Əllərindən gələni edəcəklər. 2 təcrübəli basketbolçuları var ki, bunu nəzərə alacağıq. Ümid edirəm ki, sonda qazanan tərəf biz olacağıq. Bu gün də qalib gəlsək, yarımfinala vəsiqəni rəsmiləşdirəcəyik. Ölkəmiz, xalqımız üçün mübarizə aparırıq. Ümid edirik ki, Azərbaycana kubok ilə qayıdacağıq”.
Qeyd edək ki, Kosovonun paytaxtı Priştinada keçirilən yarışda Azərbaycan - Gürcüstan matçı bu gün saat 19:00-da başlayacaq.
Emin Ağa
İdman.biz