Halil Atlı: “Komandamızı tamamilə yeniləyəcəyik”

Müsahibə
6 Sentyabr 2024 15:48
857
Halil Atlı: “Komandamızı tamamilə yeniləyəcəyik”

“Gəncə” basketbol klubunun yeni baş məşqçisi Halil Atlı İdman.bizə müsahibə verib.

- “Gəncə”yə gəlişiniz necə reallaşdı?

- ⁠”Gəncə”yə gəlişim klub rəsmiləri ilə görüşdən sonra gərçəkləşdi. Onların klubla bağlı həyata keçirmək istədikləri layihələri, düşüncələri çox diqqətimi cəlb etdi. Rəhbərlik “Gəncə” üçün çox gözəl şeylər planlayır. İstəyirlər ki, bu klubda hər şey çox yaxşı səviyyədə irəliləsin. “Gəncə” bütün bu məqamları reallaşdırmaq potensialına malikdir. Bura gəlməyimin səbəbi də elə budur. Təxminən, bir həftədir ki, artıq Gəncə şəhərindəyəm. Gəncə mənə danışılandan daha gözəl yerdir. Çox maraqlı və gəzməli yerləri var.

- ⁠Klubda əsas məqsədiniz nədir?

- ⁠Əsas məqsədimiz “Gəncə”ni layiqincə təmsil etməkdir. Bura Azərbaycanın ikinci ən böyük şəhəridir. Qədim bir ruha və qonaqpərvər insanlara sahib olan Gəncə şəhərini təmsil etməkdən qürur duyuruq. Burdakı insanlar futbol və basketbolla çox maraqlanır. Bu səbəbdən onların güvənini boşa çıxartmamaq naminə bu mövsüm basketbolçularımızla birgə yüksək nəticələr qazanacağıq.

- ⁠Daha öncədən Azərbaycan basketbolu ilə maraqlanırdınızmı?

- ⁠Azərbaycan basketbolunu Liqa oyunları başlayandan izləyirəm. Təbii ki, bu müddət ərzində “Gəncə”nin də çıxışlarına diqqət edirdim. Düzdür, ötən il klubumuz gözlənilən nəticə əldə edə bilməyib. Lakin inanıram ki, bu mövsüm qurduğumuz komanda ilə oynayacağımız basketbolla daha yaxşı səviyyədə olacağıq.

- ⁠Ölkəmizdə basketbol sahəsində bir sıra türkiyəli mütəxəssislər çalışır. Kluba gəlmədən öncə onlarla məsləhətləşdinizmi?

- ⁠Azərbaycanda həqiqətən təcrübəli məşqçilər çalışır. Rusiya, Litva, Türkiyə və digər ölkələrdən olan mütəxəssislər də çoxdur. Bakıya gəlməmişdən öncə tanıdığım və burada çalışan məşqçilərlə fikir mübadiləsi apardım. Yerli çempionatla bağlı çox gözəl şeylər dedilər. Azərbaycanda basketbolun inkişaf etdiyini bildirdilər.

- ⁠Klub rəhbərliyi tərəfindən qarşıya nə kimi hədəflər qoyulub?

- ⁠Çempionatdakı əsas hədəfimiz yüksək nəticələr əldə edib mövsümü üst yerlərdən birində bitirməkdir. Daha sonra pley-offa yüksəlib buradakı şansımızdan çox yaxşı şəkildə istifadə etmək istəyirik. Bütün işlərimizi bunun üzərində qurmuşuq. Əsas məqsədimiz məhz “Gəncə”ni yaxşı şəkildə təmsil etməkdir.

- ⁠Heyətə yeni oyunçuların gəlməsi gözlənilir?

- ⁠Komandamızı tamamilə yeniləyəcəyik. Bilinən və tanınan, eyni zamanda çempionata öz tövhəsini vermiş oyunçuları heyətə cəlb etmək istəyirik. Yaxşı bir komanda qurmaq istəyirik. Legioner oyunçuları da gətirəcəyik komandaya. Heç bir basketbolçu ilə danışmadan anlaşmadıq. Onlarla danışarkən xüsusilə “Gəncə” ilə bağlı düşüncələrini öyrənməyə çalışdıq. Klubumuza gələn oyunçuların hamısı çox istəklidir. 7 xarici basketbolçu ilə danışmaq imkanımız var, onlardan 6 nəfərini artıq gətirmişik. Onların adlarını ən qısa zamanda ictimaiyyətə təqdim edəcəyik.

Banuçiçək Hüseynli
İdman.biz