Kurtinaytis "Sabah"ın Çempionlar Liqasındakı hədəfini açıqlayıb

Müsahibə
13 Sentyabr 2024 15:15
99
Kurtinaytis "Sabah"ın Çempionlar Liqasındakı hədəfini açıqlayıb

“Çempionlar Liqasında ilk dəfə iştirak edəcəyik. Bu, Avropa basketbolunda çox güclü yarışıdır”.

İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

- Hazırlıqdan razısınız, necə keçdi? Komanda FIBA Çempionlar Liqasının seçmə mərhələsinə nə dərəcədə hazırdır?

- Tarixdə ilk dəfə Çempionlar Liqasında iştirak edəcəyik. Bu, Avropa basketbolunda çox güclü yarışdır. Orada iştirak etmək istəyirik. Bunun üçün seçmə mərhələni uğurla keçməliyik. Ciddi hazırlaşdıq. Yaxşı komandamız var. Litvada altı oyun keçirdik. Bu toplanışdan razı qaldım. Baxmayaraq ki, bir neçə oyunda məğlub olduq.

Avroliqanın aparıcı komandalarından biri olan "Jalgiris"ə uduzduq. Onlar 80 illik təcrübəyə malik klubdurlar, bu yaxınlarda yubileylərini qeyd etdilər. Litva çempionu olan "Ritas"a da uduzduq. Çox ciddi klublardır. Litvaya getdik ki, güclü komandalar arasında necə görünəcəyimizi bilək. Biz layiqli görünürdük. “Jalgiris”ə uduzduqdan sonra da istədiyimizi aldıq, çünki necə oynamaq lazım olduğunu gördük. Bütün bunlar xeyrimizə oldu. Litva çempionu "Ritas"la yaxşı mübarizə apardıq. Hətta qalib də gələ bilərdik. Amma son iki atışdan yararlana bilmədik.

Bu hazırlıq bizə istədiyimizi verdi. Komandadan və oyunçulardan, onların necə işləməsindən, seçmə turnirə münasibətindən razıyam. Görək bundan sonra nə olacaq.

- Sentyabrın 17-də komandanız İsveçin “Norrköping Dolphins” klubu ilə ilk oyununu keçirəcək. Şansları necə qiymətləndirirsiniz? Komandanın potensialı nəyə imkan verə bilər?

- Hansı komandaların oynamasının fərqi yoxdur. Oyundan əvvəl şanslar həmişə 50-50-yədir. Pul, sevgi və uğur sakitliyi sevir. Hər şeyi əvvəlcədən açıqlasanız, hər şeyi itirə bilərsiniz. Yaxşı hazırlaşmışıq, hazırıq və çalışacağıq. Söz verə bilərəm ki, var gücümüzlə mübarizə aparacağıq. Görək necə olur.

- İndiki heyət əvvəlkindən güclüdür?

- Bu il fərqli tip oyunçuları bir araya gətirmişik. Əcnəbiləri dəyişdirdik. Düşünürəm ki, indi onlar istədiyim basketbolu oynayırlar. Oyunçuları özüm seçmişəm. Əvvəlkilərin zəif olduğunu söyləmək istəmirəm. Ölkə çempionu olduq, amma düşünürəm ki, bu mövsüm daha da güclənmişik.
Düzdür, bir basketbolçunu götürə bilmədim, çünki o, öz klubu ilə yenidən müqavilə bağlamışdı. Litvada oyunçu yaxşıdırsa, ya NBA, ya da Avropa klublarına gedir.

- Çempionlar Liqasında məqsədiniz nədir?

- Qrup turnirinə vəsiqə qazanmaq. Bunu bacarmasaq, Avropa Kubokuna düşəcəyik. Orada da güclü komandalar var. Bəziləri hətta Çempionlar Liqası klublarından da güclüdür. Bu, Azərbaycan basketbolu üçün maraqlı və faydalı təcrübə olacaq.

Banuçiçək Hüseynli
İdman.biz