Rimas Kurtinaytis: “Son saniyəyə kimi təslim olmayan komanda görəcəksiniz"

Xəbərlər
18 Sentyabr 2024 13:38
459
Rimas Kurtinaytis: “Son saniyəyə kimi təslim olmayan komanda görəcəksiniz"

"Rəqibin oturmuş heyəti var idi. Komanda onurğa sütununu qorumuşdu. Bizdə isə komanda demək olar ki, yenidən qurulub”.

İdman.biz xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis FIBA Çempionlar Liqasının təsnifat mərhələsinin 1/4 finalında "Norrköping Dolphins" klubu ilə oyundan sonra görüşlə bağlı fikirlərini bildirərkən deyib.

Kurtinaytis vurğulayıb ki, oyunçular arasında anlaşmanın daha yüksək səviyyədə olması üçün daha çox oyun keçirməlidirlər. Bir az zamana ehtiyaclarının olduğunu dilə gətirən baş məşqçi buna baxmayaraq, yaxşı çıxış etdiklərini düşünür: “Oyunçularımız əllərindən gələni etdilər. Qələbəyə yaxın olduğumuz anlar da oldu. Lakin sonluğu gətirə bilmədik. Adətən, hakimlərlə bağlı fikir bildirmirəm. Amma bəzi oxşar epizodlarda fərqli hakim qərarlarının şahidi olduq. İsveç klubu 3 xallıq atışlarda daha dəqiq idi. Ribaundlarda rəqibdən geri qalırdıq. Oyun intizamı baxımından "Norrköping" daha yaxşı təsir bağışlayırdı. Hiss olunurdu ki, artıq uzun müddətdir bir yerdə çıxış edirlər. Oyuna çox yaxşı qoşulan Endərin zədələnməsi rotasiya imkanlarımızı azaltdı. Sona yaxın komanda üzvlərində yorğunluq var idi”.

Rimas Kurtinaytis əlavə edib ki, bütün bunlara baxmayaraq, irəli baxmalıdırlar: “FIBA Avropa Kubokunda mübarizəni davam etdirəcəyik. Bizim kimi çempionlar liqasının təsnifat mərhələsində mübarizəni dayandıran komandalar da burada iştirak edəcək. Bu isə turnirin səviyyəsindən xəbər verir. "Sabah" yeni komandadır. Bizim buralara gəlməyiniz artıq uğurdur. Biz artıq Avropa Basketbol ailəsinin bir üzvünə çevrilmişik. Hədəfimiz qrupdan çıxmaq olacaq. Bunun alınıb-alınmayacağını isə zaman göstərəcək. İstənilən halda İsveç klubu ilə görüşdə olduğu kimi, hər oyunda son saniyəyə kimi təslim olmayan, mübarizə aparan komanda görəcəksiniz".

İdman.biz