Kaan Yıldırımkanlı: “Bunların hamısını “Gəncə”yə gəldikdən sonra gördüm” - MÜSAHİBƏ

Xəbərlər
23 Sentyabr 2024 11:40
271
Kaan Yıldırımkanlı: “Bunların hamısını “Gəncə”yə gəldikdən sonra gördüm” - MÜSAHİBƏ

“Gəncə”yə yeni transfer olunan türkiyəli basketbolçu Kaan Yıldırımkanlının İdman.bizə müsahibəsi

- “Gəncə”yə keçidiniz necə reallaşdı?

- ⁠Azərbaycan Basketbol Liqasında türk məşqçilərin artması ilə bağlı menecerim əlaqə saxladı. Bildirdi ki, bu mənim üçün əla fürsət ola bilər. Mən də xeyli zamandır xarici klublara keçmək istəyirdim. Ona görə də bu qərarı verdim.

- Azərbaycan basketbolu haqqında hansı məlumatların var?

- ⁠Buraya Türkiyədən tanıdığım təcrübəli məşqçilər gəlməyə başladılar, onları izlədiyimiz üçün liqanızla bağlı məlumat alırdıq. Hətta hər keçən gün “Gəncə” klubu ilə daha çox insanın maraqlandığını eşidirdik. Bunların hamısının doğru olduğunu da kluba gəldikdən sonra gördüm.

- ⁠Yəqin ki, klubun baş məşqçisinin türkiyəli olması da seçiminizə təsir etdi...

- ⁠Getdiyimiz yerdən asılı olmayaraq işimizi görməyə çalışırıq. Təbii ki, Halil Atlının burada olması mənə güvən verdi. Onunla Türkiyədən tanış idik. Atlının basketbol bilgisini, ünsiyyətini çox bəyənirəm. Bu gün “Gəncə”də olmağıma onun böyük təsiri var.

- Komandada əsas hədəfiniz nə olacaq?

- ⁠Hər şeydən əvvəl məşqçimizə çox inanırıq. Qısa müddətdə çox yaxşı komanda yaranıb. Bu mövsüm əsas məqsədimiz baş məşqçimizin bizdən istədiyini meydanda yerinə yetirmək, “Gəncə”ni çox yaxşı formada təmsil etməkdir. Bunun üçün də addım-addım irəliləyəcəyik.

- ⁠Gəncə şəhəri ilə bağlı fikirləriniz necədir?

- İstiqanlı və mehriban insanları olan bir şəhərdir. Gəncəlilərlə görüşlərdə bizimlə çox yaxşı davranırlar. Onların diqqət və qayğısını daim hiss edirik. Buranı seçmə səbəblərimizdən biri də budur. Şəhərdə ən çox gəncəlilərlə ünsiyyət qurmağı xoşlayıram.

Banuçiçək Hüseynli
İdman.biz