“Lənkəran”nın baş məşqçisi: “Pley-offa yüksəlmək pis olmazdı”

Xəbərlər
23 Sentyabr 2024 15:09
215
“Lənkəran”nın baş məşqçisi: “Pley-offa yüksəlmək pis olmazdı”

“Məşq prosesi yaxşı gedir. Bəzi çətinliklər və problemlər var, amma tamamilə yeni klubumuz olduğunu dərk edərək bunun öhdəsindən gəlməyə çalışırıq”.

İdman.biz xəbər verir ki, bunu “Lənkəran” basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç deyib.

46 yaşlı mütəxəssis klubunun mətbuat xidmətinə bildirib ki, Azərbaycana gələnədək basketbolumuz haqqında çox bilgiyə malik olmayıb: “Dostum Aleksandr Rıbalko burada oynayırdı və o, mənə Azərbaycan basketbolu haqqında danışdı. Bundan əlavə, 2017-ci ildə U-20 çempionatında Azərbaycan komandasını izləmişdim və müəyyən təəssüratlarım vardı”.

O, komandasının hədəflərini də açıqlayıb: “Məqsədimiz maraqlı basketbol sərgiləmək və hər oyunda qalib gəlməyə çalışmaqdır. Təbii ki, komandamızın gənc basketbolçularının inkişafını da unutmamalıyıq. Gənc komandamız üçün pley-offa yüksəlmək pis olmazdı. Hər şey özümüzdən asılıdır”.

Qeyd edək ki, bu mövsümdən Azərbaycan Basketbol Liqasında mübarizə aparacaq “Lənkəran” klubunda Georgi Kondruseviçin köməkçisi Alperen Kılıçoğlu olacaq.

İdman.biz