Evren Alkaya: “Müdafiə hələ tam istədiyimiz kimi deyil”

Xəbərlər
1 Oktyabr 2024 15:03
222
Evren Alkaya: “Müdafiə hələ tam istədiyimiz kimi deyil”

“Mövsüm öncəsi məşqçilər komandalarını sınaqdan keçirir. Biz də “Quba”ya qarşı oyunda komandamızın gücünü yoxladıq”.

İdman.biz xəbər verir ki, bunu “Sərhədçi” basketbol klubunun baş məşqçisi Evren Alkaya “Quba”ya qarşı keçirilən yoxlama görüşünü şərh edərkən deyib.

Türkiyəli mütəxəssis 66:60 hesablı qələbəni şərh edərkən bildirib ki, görüşdə əsas hədəf ən yaxşı oyun tərzini tapmaq olub: “Doğrudur, “Quba”ya qarşı müdafiədə bəzən reaksiya göstərə bilmədik. Bu da yeni komanda olmasından irəli gəlir. Hansı ki, müdafiə xətti hələ tam istədiyimiz kimi deyil. Amma oyunçularımın keyfiyyətindən razıyam. Lazım olan yerlərdə gücümüzü göstərdik, sürətli oynadıq. İstədiyimiz yerlərdə üstünlük qazandıq. Düzdür, ilk matçlar necə olduğumuzu göstərə bilməz. Amma yoldaşlıq görüşləri keçirib rəsmi matçlara hazır olacağıq. Ümid edirəm ki, ən üst səviyyədə çıxış edəcəyik”.

Qeyd edək ki, “Sərhədçi” ABL-nın yeni mövsümünün ilk turunda oktyabrın 20-də “Sabah”ın qonağı olacaq.

İdman.biz