"Quba"nın kapitanı Zaur Paşayev klubun mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, təcrübəli basketbolçu komandanın hazırkı durumunu dəyərləndirib, hədəflərini açıqlayıb.
- "Quba" yeni mövsüm üçün məşqlərini davam etdirir. Artıq iki yoxlama görüşü keçirmisiz. Komandanı çempionata hazır hesab etmək olar?
- Demək olar ki, hazırıq. Oyunçuların da hamısı gəlib. Bizdə 5 legioner olacaq, qalanlar isə azərbaycanlılardır. Digər klubların hamısında 6-7 legioner var. Ola bilər ki, ikinci dövrədən 1 və ya 2 legioner də gətirdik.
- "Quba"nın yeni mövsüm məqsədi nədən ibarət olacaq? Komanda B qrupunda mübarizə aparacaq. Sizcə, oradan pley-off mərhələsinə vəsiqə qazanmaq mümkün olacaq?
- Bütün komandaların məqsədi pley-off mərhələsinə düşmək, final oynamaq, çempion oynamaqdır. "Quba"nın da məqsədi odur. Bunun üçün də mübarizə aparacağıq.
- Komanda ev oyunlarını Qubada keçirəcək. Bu şəhərdə idmansevələrin, basketbolsevərlərin komandaya dəstəyini əsirgəməyəcəyinə inanırsan?
- Quba idman paytaxtı seçilib. Burada idmana maraq var. Düşünürəm ki, azarkeşlər komandaya dəstək olacaqlar.
- İlk oyununuzu “Şəki”yə qarşı keçirəcəksiz. Bu görüş və rəqib barədə hansı fikirdəsiniz?
- Məqsədimiz elə ilk oyunda qələbə qazanıb, mövsümə yaxşı başlamaqdır. Ona görə də "Şəki" ilə matça qələbə üçün çıxacağıq. Məşqlərimiz hələ davam edir, hazırlıq üçün vaxt var.
- Ümumiyyətlə, bu mövsüm liqada limit də dəyişdirilib. 4+1 limitinə görə liqanın daha da maraqlı keçəcəyini düşünürsünüz? Bəs, bu limitin yerli oyunçuların inkişafına təsiri mümkündür?
- Çempionatın yüksək səviyyəyə qalxması üçün 4+1 gözəldir. 1-2 il belə keçirilsə, 16-17 yaşındakı basketbolçular yetişəcək və komandalarda yaxşı çıxış edəcəklər. Yəni 1-2 ildən sonra yenidən 3+2 limitinə keçmək olar. Azərbaycanda 10-15 il basketbol olmadığı üçün ara çoxdur. Mənimlə, ya Amil Həmzəyevlə cavan oyunçular arasında fərq çoxdur. 1-2 il çempionatı bu limitlə davam edib, ancaq 2 ildən sonra o uşaqlar oynayandan sonra, yenidən limiti 3+2-yə dəyişmək mümkündür. Uşaqların yetişməsində isə məşq prosesi vacibdir. Düzdür, oyun da vacibdir. Amma həftədə bir matça çıxırsan, bütün həftə zalda məşq edirsən. Əcnəbilərə qarşı məşqdə olurlar. Bu da o gənclər üçün yaxşı məşq prosesidir. Hansı azərbaycanlı oyunçu özünü yaxşı göstərsə, hansı hazırdısa, onu meydana buraxırsan və bu da Azərbaycan yığması, Azərbaycan basketbolu üçün inkişaf deməkdir.
İdman.biz