Ceremi Berrayt: “Lənkərana basketbolu ən yaxşı formada gətirməyə hazırlaşırıq” - MÜSAHİBƏ

Müsahibə
5 Oktyabr 2024 12:11
305
Ceremi Berrayt: “Lənkərana basketbolu ən yaxşı formada gətirməyə hazırlaşırıq” - MÜSAHİBƏ

"Lənkəran"ın basketbolçusu Ceremi Berrayt klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, amerikalı oyunçu basketbola gəlməsi, hobbiləri, Lənkəran haqqında təssüratlarını bölüşüb.

- Azərbaycanda oynamaq təklifi aldıqda ilk olaraq nələri araşdırdız?

- Ailəmin narahat olmaması üçün öncə ölkədə təhlükəsizliyə diqqət yetirdim. Azərbaycan haqda internetdə yüksək mədəni dəyərlərə sahib olan qonaqpərvər ölkə kimi bəhs edilirdi.

- Bəs Lənkəranda ən çox bəyəndiyin nədir?

- Şəhərin gözəl atmosferi var. Mənim üçün hər şeydən uzaqlaşa biləcəyim bir yerin olması çox vacibdir. Musiqi ilə məşğul oluram, ona görə də basketboldan uzaqlaşıb gitaramı və ya fortepianoda ifa edə biləcəyim bir yer tapmaq istəyirəm.

- Məşqlər necə gedir? Şəhərə alışmısan?

- Ən vacib şey yuxu rejiminizin dəyişməsidir. Arada 10 saatlıq fərq var və ona görə də gün ərzində nə qədər yorğun olsam da, saat fərqinə uyğunlaşa bilmək üçün ən azı saat 06:30-a qədər oyaq qalmalıyam. Gündə iki dəfə intensiv məşq edirik. Bu aylarda yuxu ən yaxşı dostumuzdur, biz Lənkərana basketbolu ən yaxşı formada gətirməyə hazırlaşırıq.

- Komandanın heyətini necə dəyərləndirirsən?

- İlk dəfə birlikdə oynayacağımıza baxmayaraq, komanda kimi hərəkət edə bilirik. Növbəti ötürməni qabaqcadan sezirik ki, bu da uğurlu olmaq üçün əsas nüanslardandır. Daha sonra necə olacağını zaman göstərəcək. Hazırda bu komanda ilə olmaqdan zövq alıram.

- Azərbaycanda ad gününü qeyd etdin. Təssüratların necə oldu?

- Ad günləri mənim üçün heç vaxt bu qədər vacib olmamışdı. Həyat mənə hər günün nə qədər dəyərli olduğunu tez öyrətdi. Həyatda heç nəyə zəmanət yoxdur. Portlend Universitetində 4 il beysbol oynamışam. 23 yaşım olanda NBA G liqasının sınaq imtahanına getdim. "Bakersfield Jam"in məşqçisi və sahibi yanıma gəldi. Mənə oynaya biləcəyimi və kifayət qədər istedadımın olduğunu dedilər. Lakin çox çalışmalı idim. Beləliklə, Vaşinqton əyalətindəki kiçik kollecdən zəng gəldi və iki il orada oldum. LCC-də 600-dən çox qələbə qazanmış iki məşqçim və xaricdə oynayan biri mənə yaxşı müdafiə etməyi, oyunu düzgün analiz etməyi öyrətdi. Ötürmələr həmişə mənə asan gəlirdi. Müdafiə və ribaundda olduğu kimi. Keçən il İsveçdə ən çox xal qazandığım mövsüm idi. Dünyanın ən yaxşı bombardirlərini incələdim və öyrənməyə davam edirəm. Tanrıya şükürlər olsun ki, mənə idmanla məşğul olmaq üçün mənə ikinci şans verildi.

İdman.biz