“Abşeron”nun basketbolçusu: "Yerli oyunçuların daha çox parket üzərində olmasını istəyirəm” - MÜSAHİBƏ

Müsahibə
5 Oktyabr 2024 15:10
460
“Abşeron”nun basketbolçusu: "Yerli oyunçuların daha çox parket üzərində olmasını istəyirəm” - MÜSAHİBƏ

“Abşeron”nun yerli basketbolçusu Nəcəf Babayev klubun mətbuat xidmətinə açıqlama verib.

İdman.biz xəbər verir ki, oyunqurucu yeni mövsümə hazırlıqlar, hədəflər və yeni limitlə bağlı danışıb.

- Komanda adı və heyəti dəyişsə də, sən ötən il olduğu kimi bu komanda ilə yola davam edirsən. Yeni mövsüm öncəsi yayda istirahət edə bildin?

- Bəli, dediyiniz kimi "Abşeron" ( eks "Xırdalan") klubu ilə müqaviləni bir illik uzatdım. Bu il komanda da dəyişikliklər çoxdur. Bunun bizə uğur gətirəcəyini düşünürəm. Son mövsüm bitdikdən sonra qısa bir müddət istirahət edib, yenidən məşqlərə başladım.

- Yeni mövsüm öncəsi artıq bütün komanda ilə məşq prossesləri davam edir. Yeni məşqçi korpusu, bir sözlə yenilənmiş komanda var. Qısa müddətdə nəyi müşahidə eləmək imkanın olub? Ötən mövsümlə müqayisədə yeni komandaya qoşulan legionerlərdə nə kimi fərqlər hiss edirsən?

- Hazırdıq nəyisə söyləmək üçün tezdir. Mövsümün əvvəlində ən yaxşı formada olmaq istəyirik. Bunun üçün çox çalışırıq. Ötən mövsüm ilə müqayisədə, bu il müdafiədə daha yaxşı komanda olacağımızı düşünürəm.

- Bir qədər yeni reqlament və yeni tətbiq olunacaq limit sayından danışaq. Ötən ildən fərqli olaraq iki qrup şəklində mübarizə davam edəcək və legioner limiti 4+1 olaraq dəyişilib. Necə düşünürsən belə reqlament və limitlə çempionat daha maraqlı olacaq?

- Hər il liqamız daha da yaxşılaşır. Reqlament dəyişikliyi də liqaya daha da maraq qatacaq. Fikirləşirəm bu, həm azarkeşlər üçün həm də oyunçular üçün maraqlı olacaq.

- Bəs yerli oyunçu kimi necə düşünürsən? Bu azərbaycanlı oyunçuların formadan düşməsinə az şans qazanmasına gətirib çıxaracaq. Bundan çəkinmirsən?

- Təbii ki, bir azərbaycanlı kimi yerli oyunçuların daha çox parket üzərində olmasını istəyirəm. Oyunlarda qazanılan təcrübə önəmlidir. Lakin hər bir halda bu limit və rəqabətdən çəkinmirəm. Mənim fikrimcə, əksinə, bu halda çox çalışıb, yaxşı səviyyəyə çıxmaq üçün əla motivasiya var.

- Bu müddətdə komandada olan amerikalı basketbolçulardan hansı ilə daha sıx ünsiyyətin alınıb? Ümumiyyətlə komanda yoldaşı kimi söhbətləşəndə qısa zamana görə təəssüratları necədir bura haqqında?

- Komandad hazırda gözəl ab-hava var, hər biri ilə xoş münasibətimiz var. Qısa zaman olduğuna görə məşqlərdən kənar çox da ünsüyyətimiz olmayıb. Bura haqqında, onların təəssüratları haqqında ətraflı söhbət etməsək də, əminəm ki, Bakını çox sevəcəklər. Bu şəhəri görüb, ona aşiq olmamaq mümkün deyil.

İdman.biz