“Mənə inanan, kapitanlığa layiq görən məşqçilərimizə minnətdaram”.
İdman.biz xəbər verir ki, bunu “Gəncə” basketbol klubunun yeni təyin olunan kapitanı Elşad Şirzadov deyib.
Millinin üzvü bildirib ki, ona bəslənən ümidləri doğruldacaq: “Kapitan kimi həm məşqçilərlə, həm də oyunçularla münasibətim yaxşı olmalıdır. Bunu anlayıram. Meydanda və ondan kənarda üzərimə düşən vəzifələri layiqincə yerinə yetirməyə səy göstərəcəm. Kollektivimizin bir ailə olması üçün əlimdən gələni edəcəm. Qalib gələndə bir olmaq asandır, uduzanda komandanı toparlamaq lazımdır. Məsuliyyətli funksiyam var, bunu başa düşürəm. Kapitan seçildiyim üçün həm də sevincliyəm”.
Qeyd edək ki, “Gəncə” Azərbaycan Basketbol Liqasının yeni mövsümünün ilk oyununda səfərdə “Lənkəran”nın qonağı olacaq.
İdman.biz