Fərid Qayıbov: “Heç futbolumuzda 7 liqa yoxdur” - FOTO

Xəbərlər
10 Oktyabr 2024 15:54
398
Fərid Qayıbov: “Heç futbolumuzda 7 liqa yoxdur” - FOTO

Azərbaycan Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib.

İdman.biz xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev, federasiya rəsmiləri, oyunçular və media nümayəndələri iştirak ediblər.

İlk olaraq FİBA referisi Ürfan Bayramlı çıxış dərək ötən ilin yekunları ilə bağlı hesabat verib. Daha sonra tarixə köçən yarışla bağlı videorolik nümayiş etdirilib.

Gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, ölkədə basketbolun inkişafı üçün işlər görülür: "Basketbolda 7 liqa olacaq. Dünyada məşhurluğu ilə seçilən futboldur. Heç futbolumuzda 7 liqa yoxdur. Komandaların sayı artdıqca legionerlər də daha çox dəvət olunur. Amma xeyli yerli idmançılarımızın da olduğunu görürük. Artıq regionlarda da oyunlar keçiriləcək. Azarkeşlər də matçlara gəlir. Ötən il "Gəncə"nin oyunlarını çoxlu azarkeş izləyirdi. Bu, sevindirici haldır”.

Daha sonra Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev tədbir iştirakçılarını salamlayıb və tədbirin keçirilməsi məqsədlərindən danışıb: "Bu tədbiri keçirməkdə məqsədimiz 1 il ərzində gördüyümüz işlər barəsində məlumat vermək və gələcək işlərimizi paylaşmaqdır. Ötən il düşündüyümüz bir çox hədəflərə nail olmuşuq. Bunun üçün oyunçulara və məşqçilərə təşəkkür edirəm. O ki, qaldı federasiyanın məqsədlərinə, idman elə bir sahədir ki, hamı qalib gəlmək istəyir. Amma bu, reallıqdır ki, hər zaman qalib gəlmək olmur. Əsas məqsədimiz yaxşı basketbol mühitini formalaşdırmaqdır. İstəyirik ki, Bakıda gəzəndə uşaqları basketbol oynayan görək. Ora çatsa, "Azərbaycanda basketbol var" fikrini rahat səsləndirə bilərik. Bunun üçün zaman lazımdır. Addım-addım ora gedirik. Bəzi yarışlarda ola bilər ki, iştirak edəndə nəticə olmur, amma əsas iştirakdır. Zaman keçdikcə uğurlar çoxalacaq. Artıq 4-5 illik hədəflərə doğru gedəcəyik. Əsas məqsədimiz uşaq bsketbolunu daha da inkişaf etdirməkdir. Çalışacağıq ki, qarşıda daha çox hədəflər qoyaq. C divizionunda medallar qazanmışıq. Artıq C divizionu ilə vidalaşıb B divizionuna keçmək istəyirik. Ola bilsin, nəticələr olmasın, amma bu, bizi həvəsdən salmamalıdır. 5 ildən sonra isə A divizionunu hədəfləməliyik. Bu divizionda oynasaq, özümüzü basketbol ölkəsi adlandıra bilərik. Bir məlumat da verim, ABL-nın yeni tətbiqi fəaliyyətə başlayacaq. Tətbiqin fəaliyyəti ilə bağlı əsas məqsədimiz bu idman növüə olan marağı artırmaqdır. Cənab Fərid Qayıbovla danışarkən hər zaman deyirəm ki, "Kristal Hall"da 20 minlik azarkeşi bir araya yığsaq, deməli, basketbolun populyarlığının artdığını deyə bilərik. Yaxın zamanda bunu edə biləcəyimizə inanıram".

Emin Ağa
İdman.biz