“Sumqayıt”ın legioneri: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”

Xəbərlər
11 Oktyabr 2024 12:36
254
“Sumqayıt”ın legioneri: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”

“Azarkeşlərimizi parlaq oyunla və qələbələrlə sevindirmək istəyirik”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu Andrey Mateyunas deyib.

Rusiyalı oyunçu komandasının hədəflərini açıqlayıb. O bildirib ki, əsas məqsəd mövsümə uğurlu start verməkdir: “Çox istərdim ki, azarkeşlər həmişə yanımızda olsun, oyunlara gəlib, bizi dəstəkləsinlər. Onların sevinməsi üçün əlimizdən gələni edəcəyik”.

Mateyunas Azərbaycanı və Sumqayıtı çox bəyəndiyini də deyib: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Bura çox sakitdir, əla yerdir, ölkənizdə yaşamaq ürəyimcədir. Konkret Sumqayıt şəhərindən danışmaq lazım gəlirsə, onu deməliyəm ki, mən gələndə burada çimərlik mövsümünə yekun vuruldu. Amma şəhərə söz ola bilməz. Çox sakit şəhərdir”.

Qeyd edək ki, “Sumqayıt” Azərbaycan Basketbol Liqasında ilk turda “Ordu”nu sınağa çəkəcək.

İdman.biz