“Dördüncü hazırlıq qarşılaşmamızı başa vurduq. Bu, son yoxlama oyunumuz idi”.
İdman.biz xəbər verir ki, bunu “Naxçıvan”nın baş məşqçisi Murad Dikmən deyib.
Türkiyəli mütəxəssis “Sumqayıt”ı 90:75 hesabı ilə məğlub etdikləri matçı şərh edib. O bildirib ki, artıq çempionata hazırdırlar: “Amma çox əskiklərimiz var. Bir-birmizi tanımaq, oyun içərisində bir-birimizdən necə faydalanacağımızı tapmaq, müdafiə sistemimizi tamamilə oturtmaq və hücum fəlsəfəmizi konkretləşdirmək üçün zamana ehtiyacımız var. Bunu da ən qısa zamanda edəcəyimizə inanıram. Oynadığımız 4 hazırlıq matçından üçünü qazanmaq bizim üçün çox vacib idi. Bu cür qələbə vərdişlərimizin formalaşması da önəmlidir. Komandamızın bu yoxlama görüşlərindəki əskiklərini gördük və buna uyğun tədbirlər görməyə çalışırıq. Hər zaman dediyim kimi, “Naxçıvan” komandası ötən mövsümdəki kimi mübarizə aparacaq. Bunu hazırlıq matçlarında da gördük”.
Qeyd edək ki, “Naxçıvan” ABL-nın açılış matçında oktyabrın 18-də “Neftçi”nin qonağı olacaq.
İdman.biz