“Lənkəran”ın legioneri: “Sözümüzü demək istəyirik”

Xəbərlər
15 Oktyabr 2024 14:58
326
“Lənkəran”ın legioneri: “Sözümüzü demək istəyirik”

“Hazırlıqlarımız oyun tərzimizi müəyyənləşdirməyə imkan verəcək qədər irəlliləyib. Komandanın konsentrasiyası və davamlılığı çox artıb”.

İdman.biz xəbər verir ki, bunu “Lənkəran”ın amerikalı basketbolçusu Qreqory Milton klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Amerikalı legioner yeni mövsüm üçün hədəflərini açıqlayıb: “Məqsədimiz parketə çıxdığımız hər oyunda qələbə qazanmaqdır. Dağın zirvəsinə qalxmaq üçün pley-offa vəsiqə qazanmağa çalışacağıq. Yeni klub olaraq liqada sözümüzü demək istəyirik. Gündən-günə bacarığıma daha da inanan komanda yoldaşlarımın olmasını nəzərə alsam, uğur qazanacağıma çox inanıram. Çox əla komandamız var və onlarsız fərdi uğurum mümkün olmayacaq”.

24 yaşlı oyunçu ölkəmiz və Lənkəranda qeyd etdiyi ilk ad günündən də söz açıb: “Hələ də Azərbaycana alışmağa çalışıram. Burda çoxlu səmimi insanların olması məni xoşbəxt edir. Lənkəran kimi kiçik şəhər bizə əlimizdə olanların dəyərini bilməyə sövq edir. Bu da işimizə köklənməyə çox kömək edir. Burda ad günümü qeyd etmək yaxşı idi. Komanda yoldaşlarımın sevgisi sayəsində özümü evimdəki kimi hiss etdim. İşimlə bağlı olaraq bu, evimdən kənarda ilk ad günüm deyil. Komandamın sonsuz qayğısını görmək çox xoş idi”.

Qeyd edək ki, “Lənkəran” ABL-nın ilk oyununda “Gəncə”ni qonaq edəcək. Matç oktyabrın 19-da keçiriləcək.

İdman.biz