Haiti əsilli amerikalı basketbolçu: "Nətərsən, qaqaş?" - MÜSAHİBƏ

Müsahibə
15 Oktyabr 2024 16:41
527
Haiti əsilli amerikalı basketbolçu: "Nətərsən, qaqaş?" - MÜSAHİBƏ

Ötən mövsüm "Şəki"də çıxış etmiş, hazırda Danimarkanın FOQ komandasının formasını geyinən Haiti əsilli amerikalı basketbolçu Vebster Simeus Azərbaycan klubunun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, ölkəmizdəki karyerasını dəyərləndirib, gələcək planlarından danışıb.

– Ötən mövsümün qış fasiləsinə yaxın "Şəki"yə keçdiniz. Belə bir təklif olanda Azərbaycan haqqında nəyi araşdırdınız?

– Azərbaycanın sülhsevər, sakit ölkə olduğunu bilirdim və gəlib bunu gördüm. Çox oyunçu da mənə bu ölkəyə getməyimi məsləhət bildi.

– Azərbaycana gələrkən burada oynayan amerikalı basketbolçulardan tanıdıqların vardı?

– Bəli. "Sabah" və "Gəncə"də oynayan bir basketbolçunu əvvəlcədən tanıyırdım. Onlarla kollec vaxtından tanış idim.

– Siz Azərbaycandan əvvəl Yunanıstan və Fələstində də oynamışdınız. Bu ölkələrlə Azərbaycan arasında hansı fərqliliklər var?

– Yunanıstanda çempionat daha aqressiv keçir. Orada əksər basketbolçuların boyu çox hündür olur.

– ABŞ-də çimərliklərlə dolu Mayamidə yaşayırdınız. Şəkidə yaşamaq sizə problem yaratmırdı?

– Mənim oxuduğum universitetin yerləşdiyi şəhər də Şəkiyə bənzəyir. Ona görə də Şəkidə çox çətinlik çəkmədim.

– "Şəki"dən mövsüm bitdikdən sonra ayrıldınız. Komanda haqqında nə deyə bilərsiniz?

– "Şəki"ni sevirəm. İnsanları çox mehribandır. Komandanın oyunçuları bir-birinə qarşı hörmətcildir.

– Komandanı tərk etmək qərarı kimə məxsus idi?

– Sadəcə, müqavilə müddətim 1 illik idi. O başa çatdı və ayrıldım. Ola bilər ki, nə vaxtsa yenidən "Şəki"yə qayıtdım.

– Hansı Azərbaycan sözlərini öyrənə bildiniz?

– "Nətərsən, qaqaş?", "yaxşı" sözlərini bilirəm.

İdman.biz

Məqalədə: