Nəzər Quliyev: “Qələbə üçün oynayacağıq, başqa nəyə görə meydana çıxaq ki?” - MÜSAHİBƏ

Müsahibə
19 Oktyabr 2024 13:49
162
Nəzər Quliyev: “Qələbə üçün oynayacağıq, başqa nəyə görə meydana çıxaq ki?” - MÜSAHİBƏ

“Naxçıvan”ın basketbolsu Nəzər Quliyevin İdman.bizə müsahibəsi

- ABL-nin l turunda “Neftçi” ilə ilk matça çıxdınız. Oyunu necə dəyərləndirərdiz?

- Oyunu yaxşı keçirdik, müdafiə və hücumda əla oynadıq, amma səhvlərsiz də olmadı. Onları aradan qaldırmağa çalışacağıq və daha effektiv oynamağa can atacağıq. Bakı İdman Sarayında əla atmosfer vardı, azarkeşlərə dəstək üçün çox təşəkkür edirəm, bu dəstək bizə qələbə qazanmağa kömək etdi. Hər zaman mövsümü ilk oyunla açmaq həyəcanlıdır, amma biz öhdəsindən gəldik və vacib qələbə qazandıq.

- Matçda 84:79 hesabı ilə qələbə qazandız. Bunu gözləyirdiz?

- Oyun asan deyildi və çox maraqlı keçdi, son dəqiqələrə qədər intriqa davam edirdi. “Neftçi” güclü rəqibdir, biz məşqlərdə çox işlədik və oyuna yaxşı hazırlaşdıq, ona görə də qalib olduq. Mən, məsələn, oyun ərzində açıq atışlardan bir neçəsini dəqiq yerinə yetirə bilmədim və diqqətimi müdafiəyə, komandaya yönəltdim. Basketbolda çox vacibdir ki, tez bir zamanda taktikanı dəyişə biləsən. Bu oyunda mənim komanda yoldaşlarım dəqiq atışlar etdilər, növbəti qarşılaşmada isə tam əksi ola bilər və hər kəs buna hazır olmalıdır.

- Növbəti matçda rəqibiniz NTD-dir. Sizcə onlarla oyun çətin olmayacaq?

- Növbəti matçda bizi NTD gözləyir. Onların “Abşeron”la oyununu izləyib analiz edəcəyik ki, duelə tam hazır olaq. Şübhəsiz ki, yalnız qələbə üçün oynayacağıq, başqa nəyə görə meydana çıxaq ki? Təqvim bir az münasib deyil və hazırlıq üçün çox vaxt yoxdur, istirahət isə lap azdır. Əlimizdən gələni etməyə çalışacağıq.

Banuçiçək Hüseynli
İdman.biz