Amil Həmzəyev: “Sonluğu yaxşı nəticələndirə bilmədik”

Xəbərlər
19 Oktyabr 2024 15:16
183
Amil Həmzəyev: “Sonluğu yaxşı nəticələndirə bilmədik”

“Biz komanda olaraq mövsümə, təxminən 70 faiz hazırıq”.

Bunu İdman.bizə “Neftçi” klubunun basketbolçusu Amil Həmzəyev deyib.

O, ABL-nin ilk turunda “Naxçıvan”a 84:79 hesabla məğlub olduqları oyunu şərh edib.

Həmzəyev bildirib ki, matçda çox səhvlər buraxıblar: “Amma buna rəğmən oyun xal-xal prinsipi ilə gedirdi. Sadəcə, sonluğu yaxşı nəticələndirə bilmədik. Buna baxmayaraq, 5 xal fərqi ilə məğlub olduq. Düşünürəm ki, istədiyimiz formaya gələndən sonra “Neftçi” ən iddialı klublardan birinə çevriləcək. “Sabah” xaric digər klubların hər biri eyni gücdədir. Məlum məsələdir ki, “Sabah” Avropa Kubokunda mübarizə aparır. Bu baxımdan güclü heyətə malikdir. Hazırda “Abşeron” - “NTD” oyununu izləyirəm. Fikir verirəm ki, həm A qrupunda, həm də B qrupunda hər bir klub eyni səviyyədə formalaşıb”.

Onun sözlərinə görə, “Neftçi”ni istədikləri səviyyəyə gətirib çıxara bilsələr, digər klublardan öndə olacaqlar: “Mövsüm uzundur. Buna təsir edən digər faktorlar da var. Çalışacağıq ki, mövsümün sonunda layiqli nəticə verə bilək”.

Banuçiçək Hüseynli
İdman.biz