NTD-nin kapitanı: “Bu barədə danışmaq hələ tezdir”

Xəbərlər
21 Oktyabr 2024 16:34
70
NTD-nin kapitanı: “Bu barədə danışmaq hələ tezdir”

“Düşünürəm ki, ilk oyunda rahat qələbə qazana bilərdik. Sadəcə oyun istədiyimiz kimi getmədi”.

İdman.biz xəbər verir ki, bunu NTD-nin basketbolçusu Əkbər Məmmədov deyib.

Komandasının kapitanı ilk turda “Abşeron”a 69:75 hesabı ilə uduzduqları matçı şərh edib: “Komanda yeni yığılıb, anlaşma istənilən səviyyədə deyil. Oyunçuların bir-birini tanıması çox vacib məsələdir. Bir-iki oyundan sonra bu problem aradan qalxacaq. Hesab edirəm ki, oyunçuların səviyyəsi yüksəkdir. Cavan basketbolçulardan ibarət heyətimiz var. Amma çox istəkliyik. İlk oyunda bu istəyi göstərə bilmədik. Məşqlərdə etdiklərimizi göstərə bilsəydik, qələbə qazanardıq. Təəssüf ki, belə oldu. NTD klubuna yaraşan oyun deyildi. Birinci oyunumuz idi. Bizi hələ çox oyunlar gözləyir”.

Məmmədov bildirib ki, növbəti turda qarşılaşacaqları “Naxçıvan”a qarşı oyuna ciddi hazırlaşırlar: “Yeni limit (4+1) barədə danışmaq hələ tezdir. Azərbaycan basketboluna xeyir verəcək ya yox, indidən demək çətindir. Bir tərəfdən müsbət cəhətləri var, o biri tərəfdən mənfi. Bəzi yerli oyunçular praktikasız qala bilər. Bilmirəm, necə davam edəcək. Amma özünü göstərə bilən basketbolçu həmişə oynayacaq”.

Qeyd edək ki, “Naxçıvan” – NTD görüşü sabah Sərhədçi İdman Mərkəzində keçiriləcək. Görüş saat 17:00-da start götürəcək.

İdman.biz