“Naxçıvan”ın baş məşqçisi: "Qələbə məni xoşbəxt etmədi"

Xəbərlər
22 Oktyabr 2024 20:54
55
“Naxçıvan”ın baş məşqçisi: "Qələbə məni xoşbəxt etmədi"

"Əslində bugünkü qələbə məni xoşbəxt etmədi. Yaxşı oynamadıq".

İdman.biz xəbər verir ki, bunu “Naxçıvan” basketbol klubunun baş məşqçisi Murat Dikmen deyib.

Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasının 2-ci turunda NTD üzərində qazanılan 72:71 hesablı qələbəni şərh edib: "Bu durumda qələbə qazanmaq bizim üçün çox önəmli idi. İlk olaraq NTD komandasını təbrik edirəm, yaxşı mübarizə apardılar. Həqiqətən də çox pis basketbol oynadıq. Bizə yaraşanı edə bilmədik. İstər hücumda, istərsə də müdafiədə çox səhvlərə yol verdik. Hücumda çox pis üçlük faizi ilə çıxış etdik və çoxlu sayda top itkilərinə yol verdik. Bu da bizim müdafiədəki çıxışımıza təsir etdi, yetərli qədər aqressiv deyildik. Komandamız çox təcrübəlidir və qazanmaq vərdişimiz var. Buna görə də qalib gəlməyi bacardıq. Heyətimiz yenidir və hələ yolun əvvəlindəyik. Önəmli olan səhvlərimizdən dərs çıxarmaqdır. İkinci qalibiyyətimizdir. Pis çıxış etdiyimiz bir gündə qələbə qazanmaq bizim üçün çox vacib idi. Oyunçularımı mübarizələrindən ötrü təbrik edirəm. Bundan sonra adi səhvlər etmədən qalib gəlməliyik. Daha yaxşı oynamalıyıq. Bunu da edəcəyimizə inanıram. Basketbolçularıma çox güvənirəm".

Qeyd edək ki, mövsümə yaxşı start götürən “Naxçıvan” hər iki oyunda qələbə qazanıb.

İdman.biz