“Quba”nın amerikalı basketbolçusu Simeon Körkland klubun mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, ABL-in ilk turunun “Şəki” ilə görüşündə 21 xal 10 ribaundla yadda qalan legioner matçı dəyərləndirib, planlarını açıqlayıb.
- “Quba” ilk görüşdə “Şəki”yə uduzdu. Sizcə, komanda niyə məğlub oldu?
- Düşünürəm ki, biz yaxşı oynadıq. Əlbəttə ki, növbəti matçımızda daha yaxşı olmaq üçün üzərimizdə işləməli, dəyişməli olduğumuz bəzi şeylər var.
- Bu görüşdə “Quba”dan ən çox xal toplayan basketbolçu oldunuz. Performansınızdan razı qaldınız?
- Razı deyildim. Çünki uduzmuşduq. Mən yaxşı oyun keçirmək və qalib gəlmək istəyirəm. Ən çox xal topladım, amma uduzduq.
- Azərbaycan çempionatının səviyyəsi və ab-havası necədir? Liqanı bəyənirsiniz?
- Azərbaycan Basketbol Liqasını və onun azarkeşlərini sevirəm. Oyun çox yüksək səviyyədə idi.
- Komandanızın növbəti oyunu “Gəncə”yə qarşı olacaq. Bu oyunda qalib gəlmək mümkündür?
- Əlbəttə ki, mümkündür. İnanıram ki, “Gəncə”yə qalib gələcəyik.
- Azərbaycanda çoxlu amerikalı basketbolçu oynayır. Onlardan hansı ilə münasibətiniz var?
- Liqada ABŞ-nin müxtəlif ştatlarından bir çox oyunçuya qarşı oynamışam. Lakin onların çoxunu şəxsən tanımıram. Sadəcə şadam ki, liqada Amerikadan oyunçular çıxış edir.
- Azərbaycan Basketbol Liqasına tramplin kimi baxırsınız? Siz ABL-nin ulduzu ola bilərsinizmi?
- İnanıram ki, bu, karyeramda mənim üçün bir addımdır. Sadəcə komanda üçün ən yaxşısı olmaq və qalib gəlmək istəyirəm. Liqanın ulduzu olmaq bununla reallaşacaqsa, yaxşıdır. Amma bu, əsas məqsədim deyil.
İdman.biz