“Abşeron”un baş məşqçisi vaxt istəyir: “Axsayırıq” - MÜSAHİBƏ

Müsahibə
25 Oktyabr 2024 15:04
67
“Abşeron”un baş məşqçisi vaxt istəyir: “Axsayırıq” - MÜSAHİBƏ

"Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker "Sərhədçi" matçından öncə mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, təcrübəli mütəxəssis komandasının hazırkı vəziyyətini dəyərləndirib, növbəti matçdan gözləntilərini açıqlayıb.

- ABL-də "Sərhəçi" ilə görüşdən öncə komandada ümumi durum necədir?

- Hazırlıqlarımız yaxşı keçir. Bu həftə bir qədər də çalışmaq şansımız oldu. Hazırda zədəli oyunçumuz yoxdur. Bu axşam daha bir məşqimiz olacaq. Ümid edirəm ki, oyuna qədər hər şey qaydasında olacaq. Ümumilikdə, yaxşı bir həftə keçirdiyimizi deyə bilərəm.

- Rəqibi necə dəyərləndirirsiz?

- Onları liqanın yaxşı kollektivlərindən biri hesab edirəm. Heyətləri yaxşı oyunçulardan təşkil olunub. Xüsusilə legioner oyunçuları da kifayət qədər yaxşıdır. Yerli oyunçuları da liqaya görə yaxşı olduğunu düşünürəm. Baş məşqçiləri Evren Alkaya da bu çempionatın ən təcrübəli məşqçilərindən biridir. 3 ildir ki, burada gözəl işlər görüb. Bu anlamda rəqibə hörmət edirik.

- Ötən həftə komandanın hələ tam hazır olmadığını vurğulamışdız. Geridə qalan bir həftədə nələr dəyişib?

- Son açıqlamamda "hazır olmaq üçün bizə daha 3 həftə lazımdır" - deyə bir fikir bildirmişdim. Bir həftəsi geridə qaldı. Hələ də çatışmayan cəhətlərimiz var. Bu, oyunçularla bağlı deyil. Əsasən taktiki və texniki tərəfdən axsayırıq. Bunları aradan qaldırmaq üçün bir qədər zaman lazım olur. Qarşıda COP29-la bağlı çempionatda yaranacaq fasilənin bizə müsbət təsir edəcəyini düşünürəm. Məhz bu müddətdən sonra tam hazır ola biləcəyik.

İdman.biz