“Gəncə”nin legioneri: “Hücumda yaxşı oyun göstərmək istəyirik”

Xəbərlər
25 Oktyabr 2024 17:32
47
“Gəncə”nin legioneri: “Hücumda yaxşı oyun göstərmək istəyirik”

“İlk oyunda qələbə qazanmaq və necə mübarizə apardığımızı görmək çox vacib idi. Təbii ki, heç nə mükəmməl deyil. Hər matçda nəticə göstərmək üçün daha çox çalışmaq lazımdır”.

İdman.biz xəbər verir ki, bunu “Gəncə”nin ukraynalı basketbolçusu Vladislav Frolov klubun mətbuat xidmətinə deyib.

Frolov ABL-in I turunda “Lənkəran”a 90:75 hesablı qələbəni dəyərləndirib: “Oyun üslubumuz ilk növbədə müdafiəni uğurla təşkil etməkdir. Ona görə də arxa xətdə enerjili və istəklə oynamaq vacib idi ki, bunu nümayiş etdirdik. Hələ oyundan əvvəl bütün basketbolçuların mübarizəyə can atdığı, qələbə qazanmaq istədiyi bəlli idi”.

Ukraynalı legioner qarşıdakı oyunla bağlı da fikirlərini açıqlayıb. O, Gəncədəki ilk ev matçında da uğurlu çıxışı davam etdirməyə çalışacaqlarını və “Quba” ilə qarşılaşmada qələbəyə kökləndiklərini vurğulayıb: “Biz həqiqətən də evdə, yeni zalda oynamağı səbirsizliklə gözləyirik, azarkeşlərimizə həm müdafiədə, həm də hücumda yaxşı oyun göstərmək istəyirik. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hamının bizi arenada dəstəkləməsini arzulayırıq. Azarkeşlərimiz “13-cü “oyunçumuz”dur”.

26 yaşlı mərkəz oyunçusu qarşıdakı matça hazırlığın əla səviyyədə getdiyini bildirib: “Mövsümün ilk oyunları artıq başa çatıb ki, bu da hazırlığı asanlaşdırır. Çünki rəqibin oyununu izləmək və nəticə çıxarmaq olar. Məşqlərimiz həmişəki kimi yüksək tempdə davam edir, indi dincəlmək vaxtı deyil. Səylə hazırlaşmaq lazımdır”.

Qeyd edək ki, “Gəncə” – “Quba” matçı oktyabrın 27-də saat 14:00-da start götürəcək.

İdman.biz