“Çətin oyun olacağını bilirdik. “Naxçıvan” bizdən daha əvvəl toplandı. Ötən mövsüm də heyətində oynamış iki basketbolçunu saxladığı üçün sistemi rahat qurdular”.
İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya deyib.
Mütəxəssis ABL-nın A qrupunun III turunda “Naxçıvan”a 66:83 hesablı məğlubiyyətin səbəblərini açıqlayıb: “Oyuna əslində, çox yaxşı başladıq. Səbətin altında istədiyimiz xalları qazandıq. Amma müdafiədə bəsit səhvlər etdik. Hücumlar zamanı oyunçu yerdəyişmələrində ciddi xətalara yol verdik. Rəqib də bundan istifadə edib üç xallıq atışlarla önə keçdi. Yaxşı müdafiə olunmamaq səbəbindən hücum və müdafiə intizamını qoruya bilmədik”.
Alkaya bildirib ki, komandası qarşıdakı turlarda daha yaxşı oyun nümayiş etdirəcək: “Lazımlı oyunçu dəyişiklikləri ilə daha yaxşı olacağıq. Oyunçularımızın üstün səviyyəyə gələcəyinə inanıram. Yeni aldığımız basketbolçu da iki gündür burdadır və adaptasiya keçə bilməyib. Qarşıdakı bir ayda hazırlaşıb liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik. Komanda olmaq elə də asan deyil. 10-12 oyunçu bir yerə gəlib eyni şeyləri etməyə çalışır. Bunu qurmaq üçün də zaman lazımdır. Dediyim kimi, bir neçə oyunçu dəyişikliyi ilə komandamızı yaxşı səviyyəyə çıxaracağıq. Əksiklərimizi yaxşı gördük”.
Qeyd edək ki, “Sərhədçi” ABL-da 3 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
İdman.biz