“Komandamız çempionata yaxşı başlayıb. İki oyun keçirib maksimum nəticə qazanmışıq. Bu, yaxşı hazırlığımızın sayəsində olub”.
İdman.biz xəbər verir ki, bunu “Gəncə”nin basketbolçusu Cəbrayıl Əkbərov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Milli oyunçusu bildirib ki, “Gəncə”nin uğurlu çıxışı qarşılaşmalarda düzgün taktika seçməklə bağlıdır: “Rəqibləri təhlil edib onların necə oynayacağını müəyyənləşdiririk. Məşqçilərin seçdikləri taktika əsasında mübarizə aparıb, verilən tapşırıqları yerinə yetiririk. Əlbəttə ki, hamının meydanda öz gücünü tam olaraq ortaya qoyması qələbəni şərtləndirən amil olur”.
Cəbrayıl bir müddət zədədən əziyyət çəkib, məşqsiz qalıb. “Quba”ya qarşı son çempionat görüşündə az da olsa oynamaq şansı qazanan hücumçu formaya düşməyə çalışdığını da deyib: “Bu qarşılaşmadan əvvəl demək olar ki, 3 həftə məşq edə bilməmişdim. Bərpa dövrünün ardından az oynamağım normaldır. Zədədən sonra çətindir, amma bacardığım qədər komandama kömək etməyə çalışdım. Artıq tam gücümlə məşqlərdə işləyirəm, məqsədim oyunumla kollektivə daha çox kömək etməkdir. Özümü yaxşı hiss edirəm”.
Əkbərov qarşıdakı matçdan da danışıb. O, “Ordu” ilə səfər oyununun hər iki tərəf üçün çətin keçəcəyini vurğulayıb: “Həm biz, həm də onlar iddialıdırlar. B qrupunun favoritləriyik və demək olar ki, eyni gücdəyik. Qələbə ən çox bunu arzulayanın, meydanda can qoyan komandanın olacaq. Görüşə çox ciddi yanaşırıq. Qalib gələ bilərik, belə də olacaq. Buna inanıram”.
İdman.biz