Aleks Koldvell: “Bakıda uduzduğumuz matç bizə soyuq duş təsiri bağışladı” – MÜSAHİBƏ

Müsahibə
22 Noyabr 2024 14:44
98
Aleks Koldvell: “Bakıda uduzduğumuz matç bizə soyuq duş təsiri bağışladı” – MÜSAHİBƏ

"Şəki"nin basketbolçusu Aleks Koldvell klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, 5 gün əvvəl 25 yaşını qeyd etmiş amerikalı geridə qalan III turda sərgilədiyi performans, ABL-nın səviyyəsi və Azərbaycana necə gəldiyi haqqında danışıb:

– Mövsümün ilk 3 turunda 2 qələbə və 1 məğlubiyyət qeydə alındı. Komandanın performansını necə dəyərləndirirsiniz?
– Biz komandada olarkən uşaqlarla danışmışdıq ki, ən çox müdafiə barədə düşünməliyik. İlk 2 turdan sonra bu qənaətə gəldik ki, müdafiə planında axsamamız var. Bakıda uduzduğumuz matç bizə soyuq duş təsiri bağışladı. Bu səbəbdən də sonuncu turda müdafiə baxımından daha yaxşı çıxış etdik.

– "Ordu" ilə oyunda 29 xal topladınız və komandanın ən yaxşısı idiniz. "Sumqayıt"la matçda isə 22 xalla MVP seçildiniz. Şəxsi planda Azərbaycan karyeranızın uğurlu alındığını söyləmək olar?
– Məncə, çıxışım pis alınmadı. Öz performansımı burada göstərə bilirəm. Sonuncu oyunda əlimizə çoxlu xal toplamaq üçün yaxşı fürsət düşmüşdü. Mən də bu şansdan yararlandım.

– Azərbaycana Albaniya çempionatından gəldiniz. Bu liqaları müqayisə edə bilərsiniz?
– Bu çempionatları müqayisə etmək istəməzdim. Ancaq deyə bilərəm ki, sabiq komandamda çox yaxşı yerlərdə oynamış basketbolçular vardı. Məncə, liqa önəm daşımır. Əsas komandaların tərkibində yer alan oyunçuların səviyyəsidir.

– Albaniyanın "Beselidya" komandası ilə ötən mövsüm çempion oldunuz. Niyə həmin komandada qalmadınız?
– Bunun səbəbini mən də bilmirəm (gülür). Səbəbi mənim transfer işlərimlə məşğul olan agentliyimdə tapmaq olar. Albaniya mənim ilk Avropa təcrübəm idi. Oradan ayrıldıqdan sonra yenə Avropada çıxışımı davam etdirmək istəyirdim. Belə oldu ki, agentliyim mənə Azərbaycanda "Şəki"nin oyunçu axtardığını bildirdi və mən də bura gəldim.

– Bəs bura gəlməzdən öncə Azərbaycan haqqında hansısa informasiyaya sahib idiniz?
– Açığı, Azərbaycan haqqında heç bir informasiyam yox idi. Sadəcə, bilirdim ki, tanıdığım Cordan Pörkins ("Naxçıvan"ın basketbolçusu) Azərbaycanda oynayır. Onun və agentliyim vasitəsilə öyrəndim ki, Azərbaycanda liqa yeni yaradılıb, basketbolu inkişaf etdirmək istəyirlər.

– Siz ABŞ-nin Cənubi Karolina ştatının mərkəzi olan Kolumbiya şəhərində anadan olmusunuz. Yaşadığınız Kolumbiya ilə oynadığınız Şəki arasında hansı fərqlər var?
– Yaşadığım şəhərlə Şəki arasında çox fərqlər var. Xüsusən bu fərq dəniz baxımından var (Kolumbiya Atlantik okeanının sahilində yerləşir). Bu mənim fikrimdir. Ancaq Kolumbiya da elə böyük şəhər deyil. Şəki ilə onun arasında da oxşarlıqlar tapmaq mümkündür. Məsələn, hər ikisində dağ təbiəti var.

İdman.biz