Amil Həmzəyev məğlubiyyətdə Cordan Deyvisi günahkar çıxarıb - MÜSAHİBƏ

Müsahibə
22 Noyabr 2024 15:31
112
Amil Həmzəyev məğlubiyyətdə Cordan Deyvisi günahkar çıxarıb - MÜSAHİBƏ

Azərbaycan millisinin basketbolçusu Amil Həmzəyevin İdman.biz-ə müsahibəsi

- DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində III turunda səfərdə İrlandiyaya 24 xal fərqi ilə məğlub olduz. Matçdan əvvəl bu cür fərq ilə uduzacağınızı gözləyirdiz?
- Həqiqətən çox pis oynadıq. Bu qədər fərqi gözləməzdik. Rəqib çox yüksək faiz nisbəti ilə atışlar etdi. Oyunun əvvəlində səbətin içindən çıxan çox toplarımız oldu. Buna görə də onların seriyasını qıra bilmədik. Birinci periodda yaranan fərq bütün oyuna təsirini göstərdi.

- Məğlubiyyətin əsas səbəbləri nə idi?
- Oyunqurucumuz Cordan Deyvislə heç cür anlaşa bilmədik. O şəxsi statistikada yaxşı xal topladı, amma komanda şəklində az faydalı oldu. Yəni biz oyuna başqa cür hazırlaşmışdıq, onunla isə tam fərqli alındı. Bunun nəticəyə böyük təsiri oldu.

- Amma razılaşaq ki, komandadakı gənclər də çox zəif çıxış etdi...
- Hazırlaşdığımız komanda oyununu göstərə bilmədik. Top yaxşı paylanılmadı.

- Növbəti turda Bakıda İsveçrəni qəbul edəcəksiz. Bu oyunla lider qarşısında tab gətirmək olacaq?
- İsveçrəyə qarşı daha fərqli oynamağı düşünürk. Evdə oynayacağıq, uduzsaq qrupdan çıxmaq şansımız azalacaq.

- Komandada təcrübəli, eyni zamanda yaşlı basketbolçu sayı çoxdur. Yeni nəsil yetişmədiyi üçün bu missiyanı daşıyırsız. Siz də karyeranızı bitirdikdən sonra yığmanın taleyi necə olacaq?
- Zaur Paşayev evdə İsveçrə ilə oyundan sonra milli komanda ilə vidalaşacaq. Orxan Aydınla mən qalacağıq. Yeni nəsil yetişdirmək üçün çox fərqli, böyük işlər görmək lazımdır. Millinin oyunları ərəfəsində bu mövzudan ətraflı danışmaq istəmirəm. Federasiya tərəfindən bu işlər görülür. Yeni nəslin yetişməsi üçün sadəcə bir müddət gözləmək lazımdır.

Emin Ağa
İdman.biz