“Pis komanda deyil” sözlərində həqiqət faizi nə qədərdir?

Xəbərlər
22 Noyabr 2024 17:42
107
“Pis komanda deyil” sözlərində həqiqət faizi nə qədərdir?

Futbol millimiz kimi digər idman növlərindəki komandalarımız da azarkeşlərini sevindirmir.

İdman.biz xəbər verir ki, basketbol üzrə Azərbaycan millisi səfərdə İrlandiyaya 67:91 hesabı ilə uduzaraq DÇ-2027 seçmə mərhələsində ikinci məğlubiyyətlə üzləşib.

Halbuki kağız üzərində komandalar arasında güc fərqi elə də çox deyildi: Azərbaycan FIBA reytinqində (amma o da yeni deyil, avqustda açıqlanıb) Avropa təmsilçiləri arasında 44-cü, İrlandiya isə 39-cudur.

Üstəlik, millimizin bundan əvvəl (düzdür, fevralda olub – az vaxt keçməyib) Kosovaya qalib gəlməsi (87:77) və İrlandiyanın da qrupda autsayder olması kimi məqamlar pozitiv nəticəyə ümid yaratmışdı. Amma reytinqdə rəqiblər arasında beş pilləlik fərq meydanda özünü daha böyük xal fərqi ilə büruzə verib. 24 xal – bir komandanın digərindən aşkar güclü olması deməkdir.

Birinci və ikinci hissələrdə Azərbaycan komandası təzyiq qarşısında heç nə edə bilməyib (12:25, 12:23), üçüncüdə təxminən başa-baş mübarizə gedib (20:23), nəhayət dördüncü periodda qonaqlar daha çox xal toplayıblar (22:20). Əlbəttə, oyunun sonlarında millimizin daha uğurlu çıxışı, hesabda irəlidə olan İrlandiyanın bir qədər rahat oynaması ilə əlaqədardır.

The Irish Independent yazır: “Qonaqlar bu oyunda milliləşdirilmiş amerikalı Cordan Devisə (25 xal) ümid etsələr də, xal fərqini aradan qaldırmaq mümkün olmayıb. Ümumilikdə meydan sahibləri şanslarının 50%-dən, qonaqlar isə 32%-dən yararlana biliblər”.

"Rəqib pis komanda deyil, lakin düşünürəm ki, bizim oyun tərzimizə görə bu axşam çox da yaxşı çıxış etmədi", - oyundan sonra belə danışan irlandların baş məşqçisi Mark Keenanın “pis komanda deyil” sözlərində həqiqət faizi, görəsən, nə qədərdir?
57 yaşlı məşqçi basketbolçularımıza qalib gəlmələrinin “sirri”ni də açıb: “Plan belə idi: yaxşı başlamaq və əvvəldən onların müdafiəsinə təzyiq etmək. Məncə, bununla onları aldatdıq. Müdafiədə işləri asan deyildi və bundan istifadə etdik”.

Basketbol millimiz qrup mərhələsinin ikinci dövrəsinə 1 qələbə və 2 məğlubiyyət, yəni 4 xalla başlayır. Qarşıda hələ üç oyun var.

Noyabrın 24-də keçiriləcək oyundakı rəqib İsveçrə qrupun lideri olsa da, basketbol ölkəsi deyil, indiyədək dünya çempionatlarına çıxa bilməyib, FIBA-nın son reytinqində də Avropanın 32-ci komandasıdır. Amma istənilən halda, Azərbaycan millisindən güclüdür. Sensasiya olacaqmı?

Rasim Mövsümzadə
İdman.biz

Məqalədə: