“Uzun yol gəlmişdik. İrlandiyadan yorğun qayıtmışdıq”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin basketbolçusu Şirzad Şirzadov deyib.
O, DÇ-2027-nin seçmə mərhələsində Bakıda İsveçrə yığmasına 55:85 hesablı məğlubiyyətlərin səbəblərini açıqlayıb. Şirzadov etiraf edib ki, oyuna hazır olmayıblar: “İrlandiyadan qayıtdıqdan sonra məşq etmək imkanımız da çox az idi. Fikrimcə, oyuna tam hazır deyildik. Yorğunluq var idi. Endər Poladxanlının və Amil Həmzəyevin zədəli olmaları da təbii ki, təsirini göstərdi. Bəlkə də, hər şey başqa cür ola bilərdi”.
Şirzadov növbəti matçda Kosovo yığması ilə səfərdə keçirəcəkləri matçda qələbəyə köklənəcəklərini deyib: “Bacardığımız qədər yaxşı hazırlaşmalıyıq. Çox vacib oyundur. Qələbə qazanmaq üçün əlimizdən gələni etməliyik. Bunun üçün də yaxşı məşqlər edib, gəlib gəlməliyik”.
Qeyd edək ki, yığmamız qrup mərhələsinin 4 oyunundan 3-də uduzub.
Banuçiçək Hüseynli
İdman.biz