Rimas Kurtinaytis: “Titulumuzu qorumağa çalışırıq”

Xəbərlər
5 Dekabr 2024 15:52
102
Rimas Kurtinaytis: “Titulumuzu qorumağa çalışırıq”

“Oyuna çox məsuliyyətlə hazırlaşırıq. “Naxçıvan”ın ciddi rəqib olduğunu bilirik”.

Bunu İdman.biz-ə “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis deyib.

Litvalı mütəxəssis sabah Azərbaycan çempionatının V turu çərçivəsində “Naxçıvan”la keçiriləcək mərkəzi görüşü dəyərləndirib. O bildirib ki, hər 2 komandanın itkisiz irəliləmək istəyi qarşılaşmanın gedişinə təsir edəcək: “Bütün zədəli oyunçularımız sağalıb. Ümid edirəm ki, sabah tam heyətlə mübarizə aparacağıq. Titulumuzu qorumağa çalışırıq. Bu səbəbdən də bizi yalnız qələbə qane edə bilər. Asan olmayacaq, amma qalib gəlmək üçün mübarizə aparacağıq. Özümüzün məşq üslubumuz var. Avrokubok oyunlarına olduğu kimi, çempionat matçlarına da eyni cür hazırlaşırıq. Bu oyun üçün fərqli hazırlıq keçməyəcəyik. Rəqibin müdafiəsini və hücumda olan üstünlüklərini nəzərdən keçirib buna uyğun hazırlaşırıq”.

Kurtinaytis bu mövsüm Azərbaycan çempionatının səviyyəsinin artmasını da vurğulayıb: “Düşünürəm ki, liqanın səviyyəsi yüksəlib. Limitinin dəyişməsi keyfiyyətin artmasına səbəb olub. Meydanda 1 yerli oyunçu olur. Ötən il bu, 2 idi. Hazırkı vəziyyətdə bütün komandalar eyni səviyyəli yerli basketbolçulara malik deyillər. Amerikalılar onları kompensasiya edir. Bu səbəbdən də peşəkarlıq səviyyəsi artır. Çempionat çox maraqlı keçir. Bütün matçları izləyirəm. Qarşıda da maraqlı oyunlar olacaq”.

Qeyd edək ki, “Naxçıvan” – “Sabah” görüşü saat 19:00-da start götürəcək.

Emin Ağa
İdman.biz