“Matça yaxşı start vermədik. Müdafiədə xüsusilə yaxşı oynamırdıq”.
İdman.biz xəbər verir ki, bunu “Abşeron”nun baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, ABL-nın VI turunda NTD-yə 89:75 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Türkiyəli mütəxəssis bildirib ki, bu həftə məşqlərdə etdiklərini matçda icra edə biliblər: “İkinci və üçüncü periodda istədiklərimizin hər birini reallaşdıra bildik. Əslində, bu oyundan öncəki "Neftçi" matçı nə etməli olduğumuzu, necə oynamalı olduğumuzu göstərmişdi. Bu gün həmin qarşılaşmadakı kimi başlaya bilməsək də, sonradan hər şey istəyimizə uyğun ssenaridə davam etdi. Bura yaxşı müdafiə olunmaq, oyunçular arasında top paylanması və sair daxildir. Bunlar öz qaydasına düşdükcə, daha rahat xallar qazandıq. Bu şəkildə davam edə bilsək, növbəti oyunlarda da yaxşı olacaq. Təbii ki, bu basketboldur və burada oyunçunun günlük performansı əsas məqamlardandır”.
Qeyd edək ki, bu qələbədən sonra “Abşeron” 9 xalla A qrupunda üçüncü yerdə qərarlaşıb.
İdman.biz