Turqay Zeytingöz: “Azərbaycan basketbolunun gələcəyi üçün başlanğıc ili oldu” - MÜSAHİBƏ

Müsahibə
29 Dekabr 2024 10:49
120
Turqay Zeytingöz: “Azərbaycan basketbolunun gələcəyi üçün başlanğıc ili oldu” - MÜSAHİBƏ

Azərbaycan Basketbol Federasiyasının idman direktoru Turqay Zeytingözün İdman.biz-ə müsahibəsi

- Yola salmağa hazırlaşdığımız 2024-cü ili Azərbaycan basketbolu üçün necə dəyərləndirirsiz?
- Bizim üçün gözəl keçdi. Azərbaycan basketbolunun gələcəyi üçün başlanğıc ili oldu. Liqanın oyunları da rəqabət baxımından fərqləndi. Həmçinin oğlanlardan ibarət U-18 və qızlardan ibarət U-16 millilərimiz Avropa çempionatının C divizionundan qızıl medalla döndülər. Qadınlardan ibarət 3x3 komandamız Paris-2024 Yay Olimpiya Oyunlarında debüt etdi. Bir sözlə, Azərbaycan basketbolu üçün qiymətli bir il oldu.

- 3x3 basketbol millimizi qeyd etdiz. Onların Olimpiadada iştirakı gələcək nəsil üçün nə verdi?
- Komandanın Paris-2024-də təmsil olunması bizi çox qürurlandırdı. Orda basketbolun vətəni olan ABŞ-ni məğlub etməyimiz və hər kəsin Azərbaycan basketbolundan danışması bizi ayrıca ruhlandırdı. 5 nəfərlik heyətdə 2 legioner var idi. Amma bu nəticə qazanmaq üçün atılan addım idi. Məqsədimiz yerli idmançıların milli komandada yer almasıdır və fikrimcə, Olimpiadada iştirak etmək gələcək nəsil üçün faydalı olacaq. Belə olacağına inanıram.

- Onda yeni ildə bu komanda yerlilərdən təşkil olunacaq?
- Mersedes Volker bizdən ayrıldı. Tatyana Deniskina və Dina Ulyanovanın da yaşı artıq kifayət qədər çoxdur. Bu səbəbdən də planlarımızı qurmağa başlamışıq. Hazırda heyətimizdə Tifani Hayes, Brianna Freyzer kimi dünya basketbolunda olan önəmli oyunçular var. Bundan başqa, Aleksandra Molenhauzerin heyətdə uzun müddət yer alacağını da düşünürəm. Artıq 2007-2008-ci təvəllüdlü çox yaxşı yerli basketbolçularımız da var. Onlar da yaxın zamanda bizə kömək edəcək. Onlar bayrağımızı yüksəklərə daşımaq üçün çalışacaqlar. Buna inanıram.

- İli əsas milli komandamız üçün necə dəyərləndirirsiz? Kişilərdən ibarət yığmamızın DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində çıxışı sizi qane edir?
- Son 2 matçda şanssızlıqdan məğlub olduq. Çox ciddi itkilərimiz var idi. Amil Həmzəyev və Endər Poladxanlı zədə səbəbindən düşərgədə deyildi. Gələn ilin fevralında daha 2 oyunumuz var. Bunlarda qalib gəlsək, növbəti mərhələ şanslarımız olacaq. Bu səbəbdən sonadək mübarizə aparacağıq. Bununla yanaşı, gənc oyunçularımızı yetişdirmək üçün də çalışırıq. Yaxın zamanda əsas millimizin də uğurlu nəticələr qazanacağına inanıram.

- Uğurlu nəticələrə imza atan aşağı yaş qrupları üçün ili necə qiymətləndirərdiz?
- Qızlardan ibarət U-18 və oğlanlardan ibarət U-16 milliləri də C divizionunda qızıl medal qazansaydı, daha uğurlu il adlandırmaq olardı. Gələn il qızlar və oğlanlardan ibarət U-16 və U-18 millilərimiz B divizionunda çıxış edəcəklər. Bu bizim üçün çətin olacaq. Amma kənardan özümüzü görmək baxımından faydalıdır. Səviyyəmizi artırmaq istəyiriksə daha yuxarı divizionlarda, daha güclü komandalara qarşı mübarizə aparmalıyıq. Basketbolçularımızdan yaxşı nəticələr gözləyirəm.

- Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün bir hissəsi geridə qaldı. Arxada qalan 9 tur gözləntilərinizi doğrultdu?
- Çempionat çox yaxşı və maraqlı görüşlərə səhnə olur. Hər 2 qrupda da məğlub olmayan komanda qalmayıb. B qrupunda “Gəncə”, “Ordu” və “Şəki” birincilik uğrunda mübarizə aparır. 3 komandanın da qalib olmaq şansı var. A qrupunun ən güclüsü “Sabah” da məğlub oldu. Yanvar və fevralda bizi Azərbaycan kubokunun matçları gözləyir. Rəqabətli və sürprizə açıq yarışının olacağını düşünürəm. Liqada bizi sevindirən digər məqam azərbaycanlı basketbolçuların performansıdır. “Sabah”da Endər Poladxanlı, Şirzad Şirzadov, NTD-də Əkbər Məmmədov, “Abşeron”da İsmayıl Abdullayev əla mövsüm keçirirlər. “Sumqayıt”da Sadettin Donat, “Neftçi”də Kamran Məmmədov, “Naxçıvan”da Nəzər Quliyev, “Lənkəran”da isə Rəşid Abbasovu fərqləndirmək olar. Həm rəqabətli, həm də basketbolçularımız üçün önəmli matçların şahidiyik. İnanıram ki, sonuna qədər belə davam edəcək.

- 2025-ci ildə Azərbaycan basketbolunda hansı yenilikləri gözləyək?
- Liqanı uğurlu tamamlamaq istəyirik. Millilərimizin Avropa çempionatında çıxışları olacaq. Bundan başqa, gənclər liqası ilə bağlı fərqli format fikirləşirik. Bu da çox maraqlı olacaq. U-12 liqası ilə bağlı da yeniliklər planlaşdırırıq. Ümid edirəm ki, mayda 3x3 basketbol üzrə Bakıda təşkil olunacaq Dünya kubokunun təsnifat mərhələsində də mundiala vəsiqə qazanacağıq. Yeni ilin Azərbaycan basketbolu, idmanı və ölkəmiz üçün uğurlu bir il olmasını, hər kəs üçün uğurlu gəlməsini arzulayıram.

Emin Ağa
İdman.biz