“Komandaya doğru yola qayıtmaqda və yenidən qalib gəlməkdə kömək etməliyəm”.
İdman.biz xəbər verir ki, bunu NTD-nin yeni transferi Kvinton Kempbel deyib.
31 yaşlı amerikalı basketbolçu komandaya qayıdışını şərh edib. O bildirib ki, NTD həmişə qalib gəlməyi bacarıb: “Klub nümayəndələri mənimlə əlaqə saxlayıb geri dönməyimi istədiklərini bildirdilər. Keçən mövsümün əvvəlində də mənə təklif gəlmişdi, lakin başqa planlarım var idi. Cari mövsümün əvvəlində də təklif var idi, amma o vaxt hələ başqa variantları nəzərdən keçirirdim. Hər halda, əgər səni klubda görmək istəyirlərsə, bu sənin şəxsiyyətinə və oyunçu kimi bacarıqlarına inandıqlarını göstərir. İnanırlar ki, sən onlara uğur qazanmaqda kömək edə bilərsən!”.
Kempbelin sözlərinə görə, əsas hədəf komandanı əvvəlki mövqeyinə qaytarmaqdır: “Gördüm ki, bu mövsüm vəziyyət bir qədər çətindir. Bu idmandır və bəzən belə şeylər baş verir. İdmanda vacib olan necə başladığın deyil. Əsas odur ki, necə mövsümü bitirirsən. Mən məşqçi heyəti ilə danışmışam və onların məqsədi NTD-nin güclü bir klub olduğunu göstərməkdir, gedişatı dəyişmək və yenidən zirvəyə qalxmaqdır. Mənim şəxsi məqsədim isə hər bir oyunda komandaya istənilən şəkildə kömək etməkdir. Azərbaycan Basketbol Liqasını izlədim, amma çox yaxından izlədiyimi deyə bilmərəm”.
Qeyd edək ki, 2022/2023 mövsümünü NTD-də keçirən ABŞ-li forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.
İdman.biz